Qaya Məmmədov: Minsk Prosesinin bağlanması ilə uğursuz bir diplomatik yanaşma sona çatıb
Tarix: 01-09-2025 19:47 | Bölmə: Siyasət
Qaya Məmmədov: Minsk Prosesinin bağlanması ilə uğursuz bir diplomatik yanaşma sona çatıb

“Bu gün bölgədə ədalətin və davamlı sülhün bərqərar olunması yolunda tarixi gündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası növbəti uğura imza atıb”.

Reyting.az
xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin iştirakı ilə avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin imzaladıqları birgə müraciətə uyğun olaraq, ATƏT-in Nazirlər Şurası ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə sentyabrın 1-dən etibarən xitam verib və Minsk Konfransının çağırılması barədə ATƏM-in 1992-ci il qərarı əsasında qəbul olunmuş bütün əvvəlki qərar və sənədlərini qüvvədən salıb. Nəticədə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi tamamilə ATƏT-in gündəliyindən çıxarılıb.

Bu qərarı alqışlayan və bunun bir çox səbəbdən əlamətdar olduğunu vurğulayan deputat deyib: “Keçmiş münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilmiş olması bu qərarla beynəlxalq miqyasda - özü də vaxtilə məhz həmin münaqişəni sülh yolu ilə həll etmək üçün mükəlləf edilmiş bir beynəlxalq qurum tərəfindən təsdiqlənir. Minsk Prosesinin bağlanması, həmçinin beynəlxalq hüquqdan yan keçməyə cəhd edən uğursuz bir diplomatik yanaşmanın sona çatdığını da göstərir”.

Qaya Məmmədov hesab edir ki, bu qərar Azərbaycanı və Ermənistanı davamlı sülhə daha da yaxınlaşdırır, eyni zamanda, Avropada təhlükəsizliyə və əməkdaşlığa töhfə verir.




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub