AMİP funksioneri müxalifəti ittiham edir
Tarix: 17-10-2019 12:37 | Bölmə: Xəbərlər
AMİP funksioneri müxalifəti ittiham edir

"Opponentlərimiz uzun müddətdir bizi qınayırdılar ki, AMİP müxalifətin birliyinə mane olur. Buyursunlar, birliklərini, ittifaqlarını yaratsınlar. Niyə yarada bilmirlər?"

Bu fikirləri Reyting.az-a açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov səsləndirib. Partiya yetkilisi xatırladıb ki, əvvəllər müxalifət daxilində birliklər, ittifaqlar olsa da, ömrü uzun sürmürdü:
"Bu ittifaq və birliklərin ömrü nə qədər çəkirdi? Maksimum 2 ay. Sonra da qarşılıqlı ittihamlar, qeyri-etik ifadələr və s. baş alıb gedirdi. Daha fikirləşmirlər ki, Nuh Nəbidən qalan kin-kidurəti, haqq-hesabı mətbuata çıxarmaqla müxalifət düşərgəsi gözdən salınır, ümumilikdə cəmiyyətdə siyasətə qarşı ikrah hissi yaranır. Faciə ondan ibarətdir ki, dəyərlər tapdanıb, aşılanıb. Ağıllı toplum nəinki dəyərlərini qoruyur, hətta yeni dəyərlər formalaşdırır, yayır. Bu gün Qərbin istinad etdiyi və əsaslandığı demokratik dəyərlərin bir çoxu Şərqdən götürülüb. Ötən əsrin 60-70-ci illərinədək Qərbdə qadına seçki hüququ verilməyəndə, bu hüquqlar çox da uzağa getməyək, ADR vaxtında tətbiq edilib. Dəyərlərimiz var, təəssüf ki, dəyərlərimizə hörmət, onu yaşatmaq meylləri çox azdır".

Ə. Orucov qeyd edib ki, Azərbaycan müxalifəti “tikdiyi bina”nı qum üzərində inşa etdiyindən azacıq külək əsən kimi dağılır. Onun sözlərinə görə, müxalifətin yaratdığı birliklər də “özülsüz” olur: "Son dövrlər yaranan birliklərin parçalanması və dağılması göstərdiyim qanunauyğun proseslərin məntiqi nəticəsi idi. Buraxılan səhvlər analiz edilmir, mövcud reallıqlar və şərtlər nəzərə alınmır. Qərarlar daxili müzakirələrdən keçmir, bir şəxsin iradəsinə bağlanır. Bir-birinə antaqonist qüvvələr, bir-birlərinə qarşı patoloji nifrəti olan siyasilər, yaxud iddiası ilə imkanları tərs mütənasib olanlar, təfriqəçilər, təhrikçilər, sağlar, sollar, mərkəzçilər və daha nə bilim kimlər, bir də görürsən, bir həftənin içərisində toplaşıb ittifaq, birlik, hərəkat elan edirlər. Harda da ən pafoslu, təmtəraqlı adlar var, ondan yararlanırlar. Az keçməmiş məlum olur ki, bu yığışanların fəaliyyəti hay-küyçülükdən, avantüradan başqa bir şey deyil".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}