12:53 / 12-09-2025
Savbah yağış yağacaq
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
Tarix: 12-09-2025 10:50 | Bölmə: Slayd
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər

“Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün Bakının şərtləri var və bu, hər kəsə aydındır. Şərtlərdən biri ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması və bunun üçün İrəvanın bəyanat verməsi idi. Nəticə olaraq Minsk qrupu Azərbaycan və Ermənistanın imzaladığı birgə bəyanatla öz mövcudluğunu itirdi. Digər şərt Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Hesab edirəm ki, bu vacibdir və İrəvan belə bir addımı atmalıdır”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Hazırda Ermənistanda müxtəlif mövqelər səslənir. Yaxın gələcəkdə bu ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Eyni zamanda, regiondankənar bəzi qüvvələr Ermənistanda müəyyən iş aparır, təzyiqlər göstərirlər. Ermənistanda referendumun keçirilməsi və konstitusiyanın dəyişməsi ona görə lazımdır ki, bu proses Ermənistanda geniş müzakirələrə səbəb olacaq. Üstəlik, Ermənistanın sülhə hazır olub, olmadığını ortaya qoyacaq. Bəli, Nikol Paşinyan elan edir ki, Azərbaycanla sülh sazişi bağlamağa hazırdır. Ancaq sabah Paşinyan hakimiyyətdən getsə və yerinə digər qüvvələr gəlsə, çərçivə sülh sazişinin tələblərindən imtina edə bilərlər. Odur ki, konstitusiyanın dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarının götürülməsi bizim şərtimizdir və yerinə yetirilməlidir. Amma biz referendum zamanı erməni xalqının sülhlə bağlı ümumi mövqeyi ilə də tanış olacağıq. Yəni bizim üçün həm də erməni cəmiyyətinin mövqeyini bilmək vacibdir”,- deyə Zülfüqarov əlavə edib.

Keçmiş nazirin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında çərçivə sülh sazişinin paraflanması çox müsbət hadisədir: “Aydındır ki, belə bir sazişdən sonra sərhədin qurulması, keçid məntəqəsinin yaradılması, humanitar məsələlər həll ediləcək. Yəni sazişdən sonra bir sıra məqamların həlli üçün işlər görüləcək. Ancaq indiki halda erməni xalqının sülh haqqında düşüncəsini bilmək bizim üçün vacibdir. Bu gün erməni cəmiyyəti daxilində anneksiya haqqında danışanlar istisna deyil. Orada belə qüvvələrin olması da mümkündür. Bu baxımdan biz işimizi ehtiyatlı tutmalıyıq”.

Zülfüqarov sonda qeyd edib ki, hazırda sülh üçün maneə qarşı tərəfdədir, onlar ərazi iddialarından rəsmi olaraq vaz keçməlidir, bunun üçün konstutisiyalarına dəyişiklik etməlidirlər.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər