ABŞ: "Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsini alqışlayırıq"
Tarix: 13-12-2023 22:57 | Bölmə: Siyasət
ABŞ: "Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsini alqışlayırıq"

"ABŞ Azərbaycan ilə Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsini alqışlayır".

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinq zamanı deyib.

"Biz bu addımı təşviq edirik və hər iki hökumətlə müzakirələr aparmışıq. Əvvəllər həbs edilmiş azərbaycanlıların və ermənilərin geri qaytarılmasını, həmçinin tərəflər arasında əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq. Biz prosesi irəli aparmaq üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcəyik. Biz inanırıq ki, hər iki tərəf buna səy göstərsə, sülh mümkündür”, - M.Miller qeyd edib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}