Səudiyyə Ərəbistanı İsraillə diplomatik əlaqələr qurmayacaq
Tarix: 19-09-2024 08:20 | Bölmə: Siyasət
Səudiyyə Ərəbistanı İsraillə diplomatik əlaqələr qurmayacaq

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasından əvvəl ölkəsinin İsraillə diplomatik əlaqələr qurmayacağını bəyan edib.

Reyting.az
xəbər verir ki, bu barədə şahzadə Səudiyyə Ərəbistanı Şurasının iclasında çıxışı zamanı danışıb.

“Səudiyyə Ərəbistanı paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması üçün səylə çalışmaya davam edəcək. Müstəqil Fələstin dövləti qurulmadan İsraillə diplomatik əlaqələr qurulmayacaq”,- Səudiyyə Ərəbistanı vəliəhdi deyib.

Bin Salman vurğulayıb ki, Səudiyyə Ərəbistanı beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa məhəl qoymayaraq, İsrailin Fələstin xalqına qarşı törətdiyi cinayətləri ən kəskin şəkildə pisləyir və rədd edir.

Dünya ölkələrini Fələstin dövlətini tanımağa çağıran Bin Salman bunun “beynəlxalq legitimliyin həyata keçirilməsi” olduğunu bildirib.

Yəmən, Sudan və Liviyadakı böhranlardan da söz açan Bin Salman deyib ki, Səudiyyə Ərəbistanı bu ölkələrdəki böhranlara siyasi həll yolları tapmaq üçün regional və beynəlxalq təhlükəsizliyi və sülhü artırmağı hədəfləyir.

Qeyd edək ki, İsrailin Qəzzaya hücumlara başladığı 7 oktyabr 2023-cü il tarixindən əvvəl İsrail ilə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesi müsbət irəliləsə də, tərəflər arasında əsas fikir ayrılığı kimi Fələstin məsələsi önə çıxıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər