İsrail ordusu geri çəkilir, Livan ordusu sərhədə yerləşdirilir
Tarix: 31-10-2024 08:51 | Bölmə: Siyasət
İsrail ordusu geri çəkilir, Livan ordusu sərhədə yerləşdirilir

Livanın baş naziri Nəcib Mikati yaxın günlərdə və ya saatlarda İsrail və “Hizbullah” arasında atəşkəsin əldə oluna biləcəyini bəyan edib. Razılaşmaya əsasən, İsrail ordusu 7 gün ərzində Livandan çəkiləcək.

Reyting.az
-ın xəbərinə görə, Nəcib Mikati “Əl-Cədid” televiziya kanalına verdiyi açıqlamada bildirib ki, ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hoxstein ilə telefon danışığından sonra atəşkəs üçün ümidlidir.

“Telefon danışığına qədər noyabrın 5-dən əvvəl atəşkəsin olacağını gözləmirdim”,- deyən baş nazir əlavə edib ki, ABŞ rəsmisinin ona söylədiklərindən sonra yaxın günlərdə və ya saatlarda atəşkəsin ola biləcəyinə ümid bəsləyir.

Qeyd edək ki, sözügedən sülh və ya atəşkəs layihəsinin təfərrüatlarından İsrail mediası yazıb.

Sülh layihəsinə görə, ABŞ-ın İsrail və “Hizbullah” arasında atəşkəs təklifi 60 günlük icra müddəti ilə başlayır və bu müddət ərzində Livan ordusunun sərhəddə yerləşdiriləcəyi gözlənilir.

Layihədə “İsrail ordusu münaqişə bitdikdən sonra 7 gün ərzində Livanı tərk edəcək” və “Livan ordusu sərhəd boyu yerləşdiriləcək və Livanın cənubunda “Hizbullah”a məxsus silahları ələ keçirəcək”,- ifadələri yer alıb. Bu mövqe dəyişikliyinə BMT-nin sülhməramlı qüvvələrinin də yardım edəcəyi bildirilir. Yekunda 10 min Livan əsgərinin İsrail sərhədi boyunca yerləşdiriləcəyi gözlənilir.

Layihədə qeyd olunur ki, 60 günün sonunda İsrail və Livan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrası və sərhəd mübahisələrinin həlli üçün ABŞ vasitəsilə dolayı danışıqlar aparacaq.

Layihədə “İsrailə sərhəd pozuntularına qarşı tədbir görəcəyinə zəmanət veriləcəyi və Livan ərazisindən gələn təhdidlərə cavab verə biləcəyi” qeyd edilib. Bundan başqa, Livan və ya İMEM-in silah daşınması və ya istehsalına müdaxilə etməməsi halında İsrailin sözügedən hədəfləri ABŞ-la məsləhətləşdikdən sonra vurmasına icazə veriləcəyi bildirilir.

Layihədə İsrailin Livan üzərində kəşfiyyat uçuşları keçirməyə davam edə biləcəyi, lakin bu uçuşların adi gözlə görünməyəcəyi və səs baryerini sındırmayacağı qeyd edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər