Ali Məhkəmə partiya lideri ilə bağlı araşdırma aparır - Səbəb
Tarix: 05-02-2019 12:46 | Bölmə: Siyasət
Ali Məhkəmə partiya lideri ilə bağlı araşdırma aparır

REAL Partiyasının lideri İlqar Məmmədovun işi üzrə kassasiya şikayətinə baxılması martın 28-nə təyin edilib. Bu qərarı bu gün Əli Rüstəmovun sədrliyilə Azərbaycan Ali Məhkəməsinin hakim heyəti qəbul edib.

İclasın başqa vaxta keçirilməsinə səbəb müdafiə tərəfinin kassasiya şikayətinə əlavələri təqdim etməsidir. Dövlət ittihamçısı Şövdət Mehralıyev zərərçəkən tərəfin əlavələri ilə tanış olmaq üçün vaxt istəyib.

Lakin vəkil Fuad Ağayev əlavələrin cüzi olduğunu diqqətə çatdırıb.

Buna baxmayaraq, hakim iclasın martın 28-nə keçirilməsi barədə qərar qəbul edib.

Müdafiə tərəfi belə uzun fasilənin verilməsini əsassız hesab edir və bunu prosesin qəsdən yubadılması kimi qiymətləndirir.

Xatırladaq ki, vəkil Fuad Ağayev hələ 2028-ci ilin oktyabrında REAL Partiyasının lideri İlqar Məmmədovun işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 13 avqust tarixli qərarından kassasiya şikayətini Ali Məhkəməyə təqdim etmişdi. Şikayətdə İ. Məmmədova tam bəraət verilməsi məsələsi qoyulub.

Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilmişdi.

Lakin məhkəmə onun təqsirini sübut edə bilmədi, beynəlxalq birlik isə onu siyasi məhbus hesab etdi. Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarına baxmayaraq, ölkə hakimiyyəti uzun müddət onu azadlığa buraxmaqdan imtina edirdi.

2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovu iki il sınaq müddəti olmaqla vaxtından əvvəl şərti azadlığa buraxıb.(Turan)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər