Siyasi məhbus siyahılarına yenidən baxılacaq
Tarix: 08-02-2019 19:24 | Bölmə: Siyasət
Siyasi məhbus siyahılarına yenidən baxılacaq

Fevralın 8-də İnsan Haqları Üzrə Birgə İşçi Qrupun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı qrupun həmsədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla görüşüblər.

Reyting.az
-ın məlumatına görə, İşçi Qrupun üzvü, insan haqları müdafiəçisi Səidə Qocamanlı musavat.com-a deyib ki, görüşün əsas mövzusu siyasi məhbusların əfvi ilə bağlı olub: “Siyasi məhbus problemi bizi çox narahat edir. Buna görə də Səməd Seyidovla görüş təşəbbüsü irəli sürdük, düşünürəm ki, cəmiyyətimiz üçün faydalı olacaq müzakirələr apara bildik. Yeni il ərəfəsində Azərbaycan hökumətinin bu haqda qərarı olacağını gözləsək də, belə bir fərman verilmədi. Qarşıdan Novruz bayramı gəlir. Azərbaycanda bu bayram ərəfəsində əfv fərmanlarının verilmə praktikası var. Səməd Seyidovla görüşdə əsas sualımız AŞPA-nın aprel sessiyasına qədər belə bir addımın atılıb-atılmayacağı və hazırlıq mərhələsi ilə bağlı idi”.

İnsan haqlarının müdafiəçisinin sözlərinə görə, gündəm siyasi məhbus siyahılarına yenidən baxılmasını da tələb edir: “Siyahı üzərində işimiz davam edir. Səməd Seyidovdan xahiş etdik ki, məsələnin müzakirəsi üçün birgə işçi qrupun toplantısı keçirilsin. Düşünürəm, o, bu məsələni qurumun digər həmsədri prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovla müzakirə etdikdən sonra yaxın günlərdə yığıncaq çağıracaq. Bu yöndə işlərimizi sürətləndirməliyik. Çünki Əfv Komissiyası bu gündən işini bərpa edib, biz onlarla paralel bu məsələni gündəmə gətirib real nəticə üçün çalışmalıyıq”.

S. Qocamanlı insan haqları müdafiəçilərinin Novruz bayramı ərəfəsində cəmiyyətin çoxdan gözlədiyi yeni əfv fərmanının imzalanacağına böyük ümid bəslədiklərini bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər