Qüdrət Həsənquliyev: “Qarabağ məsələsində qəti və ciddi qərarlar qəbul oluna bilər”
Tarix: 01-03-2019 22:39 | Bölmə: Siyasət
Qüdrət Həsənquliyev: “Qarabağ məsələsində qəti və ciddi qərarlar qəbul oluna bilər”

“2019-cu ili Azərbaycan tərəfindən Qarabağın azad edilməsi üçün ciddi addımlar atılacağı il kimi qiymətləndirirəm. Fikrimcə, Azərbaycana olan təzyiqlərin bir hissəsi bununla bağlıdır”.

Reyting.az
xəbər verir ki, bu fikirləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev teleqraf.com-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bizim müxalif qüvvələr Qarabağla bağlı mitinq keçirdi və bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı: “Amma mitinqi dərhal anti-hökumət aksiyasına çevirdilər və bunun da effekti az oldu. Amma iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük aksiya keçirilə bilər. Məncə, bu, çox faydalı olar. Təsəvvür edin, hakimiyyətli-müxalifətli böyük bir aksiya keçirilir, orada YAP-ın nümayəndələri, müxalifət partiyalarının təmsilçiləri çıxış edirlər və dünya da görür ki, xalq Qarabağın azadlığını tələb edir”.

BAXCP sədri hesab edir ki, Azərbaycan hökuməti bu il Paşinyanın tam güclənməsinə imkan verməməlidir: “Onun qarşısına konkret tələb qoyulmalıdır ki, ya Qarabağın azad edilməsi üçün konkret addımlar at, ya da Azərbaycan öz torpaqlarını azad etməlidir. Düşünürəm ki, biz iki-üç rayonu hərbi yolla azad etsək, ermənilər vəziyyətin nə yerdə olduğunu başa düşüb konstruktiv mövqe sərgiləyəcəklər. Amma Azərbaycan bundan əvvəl Rusiya ilə intensiv danışıqlar aparmalıdır. Çalışmalıyıq ki, Rusiya buna intensiv müdaxilə etməsin və Azərbaycanın haqlı olduğunu qəbul edərək imkan yaratsın ki, torpaqlarımızı azad edək. Hətta bu olmasa belə, düşünürəm ki, Azərbaycan hökuməti sonda xalq ilə açıq danışmalı və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində addımlar atmalıdır”.

Q. Həsənquliyev sonda qeyd edib ki, 2019-cu ildə Qarabağ məsələsində qəti və ciddi qərarlar qəbul oluna bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər