Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət ünvanlayıb
Tarix: 04-03-2019 17:14 | Bölmə: Siyasət
Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət ünvanlayıb

Xocalı soyqırımının 27-ci ildönümü bu il dünyanın müxtəlif ölkələrində geniş formada qeyd olundu. Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycanın diaspor təşkilatları 50-dən çox ölkədə 200-ə yaxın müxtəlif formatlı anım mərasimi təşkil etdi. İlk dəfə 20-dən çox diaspor təşkilatı birləşərək Brüsseldə izdihamlı Ümumavropa Qarabağ mitinqi keçirib, Azərbaycanın haqq səsini dünyaya çatdırdılar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Reyting.az-a bildiriblər ki, soydaşlarımızın bu həmrəyliyi milli önəm kəsb edən məsələlərdə xalqımızın toparlanmağı bacardığını göstərir. Bu səbəbdən də Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib:

“Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 27-ci ildönümündə göstərdiyiniz həssaslıq, həmrəylik hər birimizə qürur verir. Bir daha sübut olundu ki, xalqımız milli önəm kəsb edən məsələlərdə toparlanmağı, iradəsini ortaya qoymağı bacarır. Xocalı soyqırımı qurbanlarının anımı üçün müxtəlif ölkələrdə keçirilən kütləvi aksiyalar, tədbirlər dünya ictimaiyyətinin diqqətini bir daha xalqımıza qarşı törədilmiş qanlı cinayətə yönəltmək, bu cinayəti törədənlərin ifşa olunması baxımından olduqca əhəmiyyətlidir”.

Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində keçirilən anım tədbirlərinin təşkilatçıları və iştirakçılarına, bu prosesdə dəstəyini əsirgəməyən şəxslərə və təşkilatlara dərin təşəkkürünü bildirib.

“İnanırıq ki, Azərbaycan həqiqətlərinin dünyada daha ucadan səslənməsi üçün birgə səylərimiz bundan sonra da davam edəcək”, - deyə Komitənin müraciətində qeyd olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər