00:18 / 04-09-2025
Millimiz qalib gəlib
Məhkəmə deputatın şikayətini rədd edib
Tarix: 04-09-2025 10:19 | Bölmə: Siyasət
Məhkəmə deputatın şikayətini rədd edib

Şirvan Apellyasiya Məhkəməsində parlamentdə İmişli rayonunu təmsil edən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin bu rayonun sakini Nadir Şirinovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Reyting.az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Mia.az xatırladır ki, N.Şirinov bir sıra dövlət qurumlarına, media orqanlarının redaksiyalarına ünvanladığı məktublarda Laçın rayonundakı tikintidə çalışsa da, pullarını tam ala bilmədiyindən şikayətlənib.

O bildirib ki, işlədiyi şirkət deputat Razi Nurullayevlə yaxınlarına məxsusdur: "Deputat Razi Nurullayevin qardaşları - Hacı Hasil, Hüseyn və həyat yoldaşı Könül xanım orada bizimlə danışıq apardılar. Biz gedəndə orada başqa heç bir şirkət yox idi. İşə başlayan vaxt heç normal texnika da yox idi, çox əziyyət çəkdik. Texnikanın edə biləcəyi hər işi əllərimizlə görürdük".

Milli Cəbhə Partiyasının adından İmişli rayon Məhkəməsində N.Şirinova qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb və onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələriylə cəzalandırılması tələb olunub. Məhkəmə iddiasında vurğulanıb ki, şikayətçinin R.Nurullayev haqqında dedikləri böhtandır: "İstisna olunmur ki, yalan olduğunu bilə-bilə, belə məlumatlar yaymaqla partiyanın və Razi Nurullayevin şəxsi nüfuzuna xələl gətirməyə cəhd göstərməsi sifarişlidir. Seçildiyi İmişli rayonda deputat fəaliyyətinə kölgə salmaq niyyəti daşıyır. Ona görə də Nadir Şirinovun əməllərinə hüquqi qiymət verilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdır".

N.Şirinov deyir ki, Milli Cəbhə Partiyası haqqında heç vaxt heç bir məlumat yaymayıb. O, partiyanın sədrinə müraciət edərək öz haqqını istədiyini söyləyir.

Məhz bu səbəbdən, yəni, məhkəmə iddianın Milli Cəbhə Partiyası adından qaldırıldığını və N.Şirinovun partiyaya qarşı heç bir ittiham səsləndirmədiyini əsas gətirməklə onu icraata götürməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub