Beynəlxalq təşkilatlar Sevinc Osmanqızına qarşı kampaniyanı pisləyir - Bəyanat
Tarix: 29-04-2019 18:58 | Bölmə: Siyasət
Beynəlxalq təşkilatlar Sevinc Osmanqızına qarşı kampaniyanı pisləyir

“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanın hakimiyyətyönlü KİV-lərində jurnalist Sevinc Osmanqızına qarşı başlamış kampaniyanı pisləyib.

Təşkilatın Facebook səhifəsində yayımlanan bəyanatda deyilir:

"Azərbaycanda müstəqil jurnalistə yeni nifrət dolu böhtan kampaniyası! Jurnalist Sevinc Osmanqızının qanunsuz dinlənilən telefon danışıqlarının hökumətin nəzarəti altında olan "Real TV"də yayımlanmasından sonra, indi də onu işini dayandırmasa intim kadrları yaymaqla hədələyirlər. Sevinc Osmanqızının qanunsuz təqibinə dərhal son qoyulmalı, təqsirkarlar isə cinayət məsuliyyətinə cəlb edilməlidir".

Sevinc Osmanqızına qarşı kampaniyanı beynəlxalq "Sərhədsiz Reportyorlar" təşkilatı da pisləyib.

Xatırladaq ki, üç həftə əvvəl “Real TV” Sevinc Osmanqızının Almaniyada yaşayan digər jurnalist Çingiz Sultansoyla telefon danışığının səs yazısını efirə verib. Jurnalistlərin yaradıcılıq işi ilə bağlı etdikləri söhbəti telekanal "Qərbli donorların" pulu ilə "dövlət əleyhinə fəaliyyət" planlarının müzakirəsi kimi təqdim edib.

Onu da qeyd edək ki, jurnalist S. Osmanqızı ABŞ-da yaşayır və son illər İnternetdə təsis etdiyi "Osmanqızı" telekanalının aparıcısıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər