Müxalifətin təqdim etdiyi imzalarda saxtakarlıq aşkarlanıb
Tarix: 05-05-2019 18:05 | Bölmə: Siyasət
Müxalifətin təqdim etdiyi imzalarda saxtakarlıq aşkarlanıb

REAL Partiyasının 40 min seçicinin imzası əsasında Milli Məclisə qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi qanun layihələri parlamentin plenar iclasının müzakirəsinə çıxarılmayacaq. Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qərar qəbul edib.

Milli Məclisdən verilən məlumata görə, komitənin iclasında iştirak edən Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev bildirib ki, təqdim edilən 41500 vətəndaşın imzası nəzərdən keçirilib və əldə edilən nəticəyə əsasən, lazım olan 40 min imza toplanmayıb.

Bununla da parlament komitəsi Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələrinin prosedur qaydaları pozulduğuna görə müzakirəyə çıxarılmaması barədə qərar verib.

REAL Partiyasının icra katibi Natiq Cəfərli isə “Amerikanın Səsi”nə bildirib ki, imzalar qanunvericliyə uyğun olaraq toplanılıb.

“Milli Məclis qanunvericilik təşəbbüsü ilə çıxış edən seçicilərin imzalarının yoxlanılması proseduru barədə hələ qərar qəbul etməyib. Ona görə də imzaların hansı əsaslarla yoxlanılması bizə məlum deyil. Milli Məclis REAL Partiyasına rəsmi cavab verdikdən sonra siyasi və hüquqi adımlar atacağıq”, - o qeyd edib.

Qeyd edək ki, Respublikaçı Alternativ (REAL) Partiyası bu il martın 5-də seçkili paytaxt meri institutunun tətbiq edilməsini, dövlət universitetlərinin tələbələrinin təhsil haqqından azad edilməsini və əhalinin kredit borcları probleminin həllini nəzərdə tutan qanun layihələrini Milli Məclisə təqdim edib. Bu qanunvericilik təşəbbüsü, konstitusiyada təsbit olunduğu kimi, 40 min seçici imzası ilə dəstəklənib.

Xatırladaq ki, əhalinin problemli kredit borclarının həlli ilə bağlı hökumət artıq qərar qəbul edib.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, qanunvericilik təşəbbüsü qaydasında seçki hüququ olan 40 min vətəndaşın Milli Məclisə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulmalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər