Müsavatçılar aksiya keçirdi - Saxlanılanlar var
Tarix: 29-07-2019 16:05 | Bölmə: Siyasət
Müsavatçılar aksiya keçirdi - Saxlanılanlar var

20-yə yaxın fəal gündüz saatlarında Mərkəzi parkda ("Qış bulvarı") siyasi məhbusların azadlığa buraxılması tələbilə aksiya keçirib.

“Yeni Sabah” xəbər verir ki, onlar icazəsiz yürüş edərək "Azad Həsənova azadlıq!", "Siyasi məhbuslara azadlıq!" şüarlarını səsləndiriblər. Aksiya başlanandan 8 dəqiqə sonra polis dəstələri gələrək yürüş iştirakçılarını parkdan çıxarmağa başlayıb, bir neçə nəfər saxlanılıb.

Aksiya zamanı saxlanılan Müsavat Partiyası Gənclər Komitəsinin rəhbəri Elman Quliyev və partiyanın digər üzvləri -Əlikram Xurşudov, Tahir Axundov, həmçinin reportyorlar Nurlan Qəhrəmanov və Fatimə Mövlamlını Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinə aparıblar.

Aksiya Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə növbəti məhkəmə prosesindən sonra keçirilib. A.Həsənov həbsinə etiraz olaraq 8 gündür ki, aclıq edir. Məhkəmə istintaqı 6 aydan çoxdur ki, davam edir. Bu gün yenə də məhkəmə iclası başlandıqdan 5 dəqiqə sonra başqa vaxta keçirilib.

Azad Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdə olub. Atasının ağır xəstəliyi ilə əlaqədar 2018-ci il oktyabrın 11-də Bakıya qayıdıb və həmin gün saxlanılıb.

Ona qarşı CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər