Aydın Mirzəzadə: “Azərbaycan öz ərazilərini güzəştə getməyəcək”
Tarix: 14-08-2019 14:36 | Bölmə: Siyasət
Aydın Mirzəzadə: “Azərbaycan öz ərazilərini güzəştə getməyəcək”

Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın Dövlət Sərhəd Xidməti düşmənin Babakər dağı istiqamətində mövqelərini önəçəkmə cəhdlərinə qarşı önləyici tədbirlər həyata keçirib. Belə ki, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının ərazidəki bölmələri düşmən tərəfindən yeni mövqelərin ələ keçirilmə niyyətlərinə qarşı hərəkətə keçərək sərhəd döyüş məntəqələrini bir sıra istiqamətlərdə irəli çəkməyə nail olub.

Reyting.az
xəbər verir ki, məsələni Moderator.az-a şərh edən millət vəkili Aydın Mirzəzadə deyib ki, baş verənlər hərbi, mənəvi və psixoloji baxımdan mühüm əhəmiyyətə malikdir:

“Bu hadisənin çox böyük önəmi var. Bu, Silahlı Qüvvələrimizin öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək qabiliyyətində olduğunu göstərir. Yüksək texniki təchizat, hərbi qulluqçularımızın peşəkarlığı öz nəticəsini verməkdədir. Azərbaycan işğal altındakı torpaqlarını azad edərək nəzarətə götürür. Bu, yalnız cəbhə xəttində deyil, eyni zamanda Ermənistanla sərhəd xəttində də həyata keçirilir. Çünki ötən əsrin 90-cı illərində həmin ərazilər Ermənistan tərəfindən nəzarətə götürülmüşdü. İndi hərbçilərimizin bu torpaqları geri qaytarması prosesi baş verir”.

A. Mirzəzadə xatırladıb ki, ötən ilin may ayında Naxçıvanda Günnüt kəndi və onun yaxınlığındakı yüksəklik də nəzarətə götürülüb: “İndi isə, gələn məlumata görə, sərhəddə yeni ərazilər nəzarətə götürülüb. Bu, göstərir ki, Azərbaycan öz torpaqlarını heç kəs güzəştə getmək fikrində deyil. Ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycanın kifayət qədər gücü və potensialı var. Bu, düşmənə çox ciddi xəbərdarlıqdır”.

Deputat sərhədçilərimizə bu fədakarlığa görə təşəkkür edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər