Elçin Şıxlı: “NATO-nun Türkiyəyə əməli dəstəyini gözləməyə dəyməz”
Tarix: 03-03-2020 12:53 | Bölmə: Siyasət
Elçin Şıxlı: “NATO-nun Türkiyəyə əməli dəstəyini gözləməyə dəyməz”

Rusiyanın Suriyada Türkiyə ilə üz-üzə gəlmək ehtimalı yoxdur. Ən azı ona görə ki, rusların Suriyada quru qoşunları yoxdur. Əksinə, Suriyada məhdud sayda hərbi kontingenti var və onlar da xüsusi əməliyyatlarda iştirak edirlər. Yəni ruslar türklərlə üz-üzə gələ bilməz.

Reyting.az
xəbər verir ki, bunu siyasi təhlilçi Elçin Şıxlı deyib.

Mütəxəssisin fikrincə, əgər Rusiyanın Suriyadakı hava hücumu qüvvələri Bəşər Əsəd ordusuna dəstək versəydi Türkiyə Suriya ordu qüvvələrinə indiki qədər zərər vura bilməzdi: “Əks təqdirdə Türk ordusuna çətin olardı. Amma hər halda Türkiyə istəyinə nail oldu.

Bəzən deyirlər ki, İdlib ətrafındakı savaşlarda ruslar Əsədi müdafiə etmədi. Siz rusların kimisə sona qədər müdafiə etdiyinin şahidi olmusunuzmu? Odur ki, ruslar sövdələşməyə getmək və özlərinə daha xeyirli olanları qazanmaq üçün addım atacaqlar. Bəşər Əsəd ruslara Suriyada mövqelərini möhkəmləndirmək üçün bir bəhanədir”.

Elçin Şıxlının fikrincə, İdlibdə baş verən hərbi qarşıdurmalardan sonra qərbin Türkiyə ilə bağlı açıqlaması gözlənilən kimi ikili olub:

“ABŞ və NATO Türkiyəni sözdə müdafiə etdi. Ancaq real hərbi dəstək yoxdur.

Həm də NATO nizamnaməsinin müvafiq bəndinə görə, hərbi alyansın üzvlərindən birinə hücum olarsa, digər ölkələr hərəkətə keçməlidir. Amma burada konkret olaraq Türkiyə sərhədlərinə hücum yoxdur. Odur ki, NATO-nun Türkiyəyə əməli dəstəyini gözləməyə dəyməz.

ABŞ Müdafiə naziri isə elan etdi ki, Türkiyəyə hava dəstəyi verməyəcəklər. Bu da anlaşılandır. Əgər hava dəstəyi verirsənsə, deməli, ruslarla qarşıdurmaya gedirsən. Bu da Pentaqona lazım deyil. Bu, ənənəvi yanaşmadır: qırın bir-birinizi, bizdə kənardan baxaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər