12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Nüvə silahı ilə bağlı məxfi sənədlər Trampın evindəki hamamdan tapılıb
Tarix: 10-06-2023 18:50 | Bölmə: Slayd
Nüvə silahı ilə bağlı məxfi sənədlər Trampın evindəki hamamdan tapılıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı evində tapılan məxfi sənədlərlə bağlı 37 ittiham irəli sürülərkən, bəzi sənədlərin malikanənin hamamında gizlədildiyini göstərən görüntülər ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, D. Trampın Floridadakı malikanəsinə dövlət nüvə sirlərini ehtiva edən məxfi sənədləri aparması ilə bağlı məhkəmə prosesi ABŞ-da gündəmin əsas mövzusudur.

Prezident seçkilərində uduzduqdan sonra Ağ evi tərk edərkən məxfi sənədləri də özü ilə evinə aparmaqda ittiham olunan Tramp çərşənbə axşamı federal məhkəməyə ifadə verməyə çağırılıb.



Bildirilir ki, ötən ilin avqustunda Trampın evinə basqın zamanı 100-ə yaxın məxfi sənəd, o cümlədən çox mühüm nüvə sənədləri ələ keçirilib.

İstintaq çərçivəsində dünən açıqlanan ittiham aktına görə, Tramp Kəşfiyyat Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən hazırlanan “milli təhlükəsizliklə bağlı çox məxfi sənədləri” dövlətə vermək əvəzinə gizlədib.

Trampa qarşı irəli sürülən ittihamlar arasında ədalət mühakiməsinə mane olmaq, məxfi sənədləri gizlətmək, milli təhlükəsizlik sənədlərini müsadirə etmək, sənədləri federal istintaqdan gizlətmək və yalan ifadələr vermək də daxildir.

Öz sosial media platforması olan Truth Social-da açıqlama verən Tramp deyib:

“Mən bunun ABŞ-ın keçmiş prezidentinin başına gələ biləcəyini heç vaxt düşünməzdim. Bu, Amerika Birləşmiş Ştatları üçün qara gündür”.



Bu arada yayımlanan fotolarda konfidensial sənədlərin Trampın malikanəsində onlarla qutunun olduğu müxtəlif otaqlarda saxlanması diqqət çəkib. Evin müxtəlif otaqlarında, hətta hamamda da sənədlərin üst-üstə yığıldığı aşkar edilib. Vəkil bəzi sənədlərin evin hamam, anbar, ofis və yataq otağı kimi müxtəlif yerlərindən tapıldığını bildirib.

Onu da qeyd edək ki, ABŞ qanunları prezident də daxil olmaqla, məmurlara məxfi sənədləri təsdiqlənməmiş və təhlükəli yerlərdə saxlamağı qadağan edir. ABŞ prezidentləri qanunla səlahiyyətləri müddətində yazdıqları bütün məktubları, rəsmi sənədləri və elektron yazışmaları Milli Arxiv İdarəsinə göndərməlidirlər.



Y. QACAR




Bölməyə aid digər xəbərlər