12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Nüvə başlıqlarının sayı artırılır
Tarix: 12-06-2023 17:02 | Bölmə: Slayd
Nüvə başlıqlarının sayı artırılır

Dünyada nüvə silahı başlıqlarının sayı artırılır. 2022-ci ilin yanvar ayında Çinin 350 nüvə başlığı olduğu halda 2023-cü ilin yanvarında bu say 410-a çatdırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dərc etdiyi hesabatda bildirilib.

Xatırladaq ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu əsasən silahlı münaqişələr, hərbi xərclər və silah ticarəti, tərksilah və silahlara nəzarətlə bağlı məlumatları təhlil edir.

Dünyada 12 min 512 nüvə başlığı olduğunu bildirən SIPRI, bunlardan 9 min 576-nın istifadəyə yararlı döyüş başlığı olduğunu qeyd edib.

Hesabatda bildirilir ki, bu nüvə başlıqlarından təxminən 3844-ü raket və təyyarələrə yerləşdirilib, onlardan təxminən 2000-i yüksək əməliyyat hazırlığında saxlanılıb. Yəni, onlar raketlərə və ya nüvə bombardmançılarına qoşulan aviabazalarda saxlanılır.

SIPRI-nın hesabatına görə, döyüş başlıqlarının 90 faizi ABŞ və Rusiyanın inventarındadır. Hesabatda deyilir ki, Rusiya və ABŞ birlikdə bütün nüvə silahlarının demək olar ki, 90 faizinə saibdir. 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya hücumundan sonra hər iki ölkədə nüvə gücləri ilə bağlı şəffaflıq azalsa da, onların nüvə arsenallarının ölçüləri 2022-ci ildə nisbətən sabit qalıb.

SIPRI-nin hesabatında diqqət çəkən məqam Çinin 2022-2023-cü illər arasında öz inventarına 60 nüvə başlığı əlavə etməsidir.

“Çinin nüvə arsenalı 2022-ci ilin yanvarında 350 döyüş başlığından 2023-cü ilin yanvarında 410-a yüksəlib və bundan sonra da artmağa davam edəcəyi gözlənilir”, - deyə məlumatda bildirilir.

SIPRI rəsmisi Hans M. Kristensen Çinlə bağlı açıqlamasında deyib:

“Çin nüvə arsenalını əhəmiyyətli dərəcədə genişləndirməyə başlayıb. Bu tendensiyanı Çinin öz milli təhlükəsizliyini qorumaq üçün lazım olan minimum nüvə enerjisinə sahib olmaq məqsədi ilə uzlaşdırmaq getdikcə çətinləşir”.

SIPRI-nın hesabatında 9 ölkənin nüvə başlığına sahib olduğu görünür. Bu ölkələr sırasında ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrailin adı çəkilir. Nüvə döyüş başlıqlarının sayı yerləşdirilən və saxlanılanlara bölünür. Bu kontekstdə Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrailin nüvə başlıqları yerləşdirməsi barədə məlumat yoxdur.

Qeyd olunur ki, Çində 410, Hindistanda 164, Pakistanda 170, Şimali Koreyada 30 və İsraildə 60 döyüş başlığı var. ABŞ-ın inventarında 5244, Rusiyanın 5889, İngiltərənin 225, Fransanın isə 290 nüvə başlığı olduğu bildirilir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər