12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ərdoğanın Azərbaycana səfəri böyük əhəmiyyətə malikdir
Tarix: 12-06-2023 18:08 | Bölmə: Slayd
Ərdoğanın Azərbaycana səfəri böyük əhəmiyyətə malikdir

“Türkiyə prezidenti Ərdoğan sabah Azərbaycana rəsmi səfər edəcək. Bu, artıq Türkiyədə qəbul edilən protokol qaydasıdır. Yəni, yeni seçilən prezident və ya baş nazir ilk olaraq Şimali Kipr Türk Cümhuriyyətinə və Azərbaycana səfər edirlər. Bu protokol qaydası 30 ildir dəyişməz qalıb, Ərdoğanın dövründə daha da möhkəmlənib”.

Bunu Reyting.az-a siyasi analitik Oqtay Qasımov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbə çaldıqdan sonra ilk dövlət səfərini Azərbaycana etməsini qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri Azərbaycan müstəqillik qazandıqdan sonra yüksələn xətt üzrə davam edib. Xüsusilə, 2010-cu ildən sonra - Strateji Tərəfdaşlıq Haqqında sənəd imzalandıqdan, bu istiqamətdə atılan qarşılıqlı addımlar münasibətləri yüksək səviyyəyə qaldırıb. Bu münasibətlərin ən yüksək mərhələsi -Şuşa Bəyannaməsi ilə hüquqi zəminə otuzdurulub. Hazırda Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir.

O. Qasımov bildirib ki, Türkiyə prezidenti Ərdoğanın Azərbaycana səfəri olduqca mühüm əhəmiyyət kəsb edir: “Həm Azərbaycan-Türkiyə münasibətləri baxımından, həm bölgədə baş verən proseslər, həm də beynəlxalq miqyasda müşahidə edilən hadisələr kontekstində prezident Ərdoğanın ölkəmizə səfəri və burada aparacağı müzakirələr əhəmiyyətlidir. Xüsusilə, Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, prosesin sülh müqaviləsi çərçivəsində irəliyə aparılması üçün Ankara ilə Bakının məsləhətləşməsinə ehtiyac var. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə beynəlxalq platformalarda da həmrəy işləyirlər”.

O. Qasımov qeyd edib ki, Türk Dövlətləri Təşkilatının bundan sonrakı fəaliyyəti və perspektivləri də Ərdoğanın səfəri zamanı Bakıda müzakirə olunacaq:

“Aydındır ki, bu prosesin qurucusu məhz Azərbaycan və Türkiyədir, indi də onu irəli aparmaq niyyətindədirlər. Bundan sonra Türk Dövlətləri Təşkilatının perspektivi, Zəngəzur dəhlizi, Orta Asiyanı Türkiyə üzərindən Avropaya bağlaycaq dəhliz məsələsi də diqqət mərkəzində olacaq. Yəni müzakirə ediləcək kifayət qədər məsələlər var. Odur ki, Ərdoğanın səfərinin əhəmiyyəti böyükdür”.

Son 6 ayda Türkiyənin həm zəlzələ, həm də ölkədə keçirilən prezident seçkilərinə görə diqqəti daxilə yönəltdiyini xatırladan O. Qasımov bildirib ki, artıq seçkilər bitib, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ciddi işlər görülür. “Ukrayna-Rusiya cəbhəsində yeni mərhələ başlayıb. Bütün bunlar Türkiyəni aktiv formada həm yerləşdiyi bölgədə, həm də qlobal səviyyədə proseslərə diqqətini artırmağa sövq edir. Ərdoğanın Bakı səfəri bu qəbildən olan səfərdir”,- deyə O. Qasımov əlavə edib.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər