12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Süni intellekt bioloji silah yarada və bəşəriyyəti məhv edə bilər
Tarix: 02-11-2023 13:26 | Bölmə: Slayd
Süni intellekt bioloji silah yarada və bəşəriyyəti məhv edə bilər

Noyabrın 1-2-də London yaxınlığındakı Bletçli Parkında keçirilən Təhlükəsiz Süni İntellekt Sammitində 100-ə yaxın görkəmli ekspert və yüksək profilli qonaq iştirak edir. Tədbirin məqsədi süni intellektin hansı riskləri gətirdiyini və bu risklərin necə idarə olunacağını aydınlaşdırmaqdır.

Reyting.az
xəbər verir ki, sammit iştirakçıları arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, BMT Baş katibi Antonio Quterreş, “SpaceX”, “Tesla” və “X” sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi İlon Mask, “Microsoft”un prezidenti Bred Smit, “Google DeepMind”-in baş direktoru Demis, “Open AI” şirkətinin baş direktoru Sam Altman və digər şəxslər var.

Sammitin keçiriləcəyi yer təsadüfən seçilməyib: İkinci Dünya Müharibəsi zamanı Bletçli Parkda şifrənin açılması mərkəzi yerləşirdi və Alan Turinqin komandası məhz burada alman şifrələmə maşınlarının istifadə etdiyi Enigma kodunun sirrini açmağa müvəffəq olub.

Süni intellekt bəşəriyyət üçün təhlükəlidir

“Süni intellekt milyonlarla insanın həyatı üçün təhlükəli bioloji silahlar yarada bilər”.

Bu fikri sammit zamanı ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib. Vitse-prezident bildirib ki, süni intellekt təkcə yaxşı deyil, həm də böyük zərər gətirmək potensialına malikdir:

“Əvvəllər gördüyümüz hər şeydən daha böyük miqyasda süni intellektlə işləyən kiberhücumlardan tutmuş, milyonlarla insanın həyatını təhlükəyə ata biləcək süni intellekt tərəfindən yaradılmış biosilahlara qədər. Bu təhdidlər çox vaxt ekzistensial AI təhlükələri adlanır, çünki onlar bəşəriyyətin varlığını təhdid edə bilər”.

K. Harrisin sözlərinə görə, bu təhdidlər genişmiqyaslıdır və həm bütövlükdə bəşəriyyət, həm ayrı-ayrı şəxslər, həm də əhalinin həssas qrupları üçün süni intellektlə bağlı bütün risklərin təhlili və aradan qaldırılmasına yönəlmiş “qlobal səviyyədə fəaliyyət” tələb edir.

Qeyd edək ki, ABŞ süni intellektlə bağlı mümkün risklərdən həqiqətən narahat görünür.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden bu yaxınlarda ciddi süni intellekt modellərinin tərtibatçılarından təhlükəsizlik testlərinin nəticələrini Amerika səlahiyyətliləri ilə bölüşmələrini tələb edən sərəncam imzalayıb.

Süni intellektin inkişafı tənzimlənməni qabaqlamamalıdır

“Süni intellekt texnologiyaları onları tənzimləyən qaydalar işlənib hazırlandığından daha sürətli inkişaf etməməlidir”.

Bu fikri Hindistanın elektronika və informasiya texnologiyaları üzrə dövlət naziri Rajeev deyib:

“Son 10-15 il ərzində öyrəndik ki, texnologiyaya öz tənzimləmələrini üstələmək imkanı verməklə, özümüzü internetdə sosial media vasitəsilə yayılan toksiklik və dezinformasiyaya məruz qoyuruq. Hesab edirik ki, rəqəmsal platformalar qanun qarşısında cavabdeh olmalı və istifadəçilərinin təhlükəsizliyini təmin etməlidir”.

Rajeevin sözlərinə görə, süni intellekt bəşəriyyət üçün bir çox yeni imkanlar açır, lakin belə sürətlə inkişaf edən texnologiyaların mənfi tərəfi də var:

“Biz süni intellektə açıqlıq, təhlükəsizlik, etibar və məsuliyyət prizmasından baxmalıyıq. Biz inanırıq ki, gələcəkdə süni intellektdən yalnız bütün ölkələrin vətəndaşlarının rifahı üçün istifadə edilməlidir”.

İlon Mask isə növbəti dəfə xəbərdarlıq edib ki, süni intellekt bəşəriyyətin yox olmasına səbəb ola bilər.

İ. Mask əlavə edib ki, süni intellekt bəşəriyyət üçün ən ciddi təhlükələrdən birini - əsl “ekzistensial risk” yaradır:

“İlk dəfədir ki, ən ağıllı insandan daha ağıllı olacaq bir şeyə sahib olduğumuz vəziyyətlə qarşılaşırıq. Onu idarə edə biləcəyimiz bəlli deyil. Amma düşünürəm ki, biz texnologiyanı bəşəriyyətin xeyrinə olan istiqamətə yönəltməyə çalışmalıyıq”.

Qeyd edək ki, sammit zamanı 28 ölkə süni intellektdən təhlükəsiz istifadəyə dair Bletçli Bəyannaməsini qəbul edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər