12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Sülh müqaviləsi imzalanmasa, Ermənistan itirən tərəf olacaq - Ekspert
Tarix: 13-11-2023 11:06 | Bölmə: Slayd
Sülh müqaviləsi imzalanmasa, Ermənistan itirən tərəf olacaq

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanla müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Sənədə əsasən, Bakı və Tbilisi hərbi təhsil və təlimlərin keçirilməsində, sülhməramlı və humanitar əməliyyatlarda bir-birinə kömək edəcəklər. Bütövlükdə, sənəd iki ölkə arasında daha sıx qarşılıqlı fəaliyyət əsasında regional təhlükəsizliyi gücləndirmək məqsədi daşıyır. Buna baxmayaraq, Cənubi Qafqazda tam hüquqlu sülh hələ də uzaqdadır.

Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

Parisdə keçirilən altıncı sülh konfransında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında sülh müqaviləsi üzrə danışıqların yekunlaşmaq üzrə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan Brüsseldə əldə olunan razılaşmaları rəsmən təsdiqləsə, saziş 70 faiz hazır olacaq. Xüsusilə, söhbət suverenlikdən, ərazi bütövlüyündən, sərhədlərin toxunulmazlığından gedir.

Öz növbəsində Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi Tbilisidə narahatlıq yaradır. Baş nazir vurğulayıb ki, Gürcüstan hakimiyyəti və şəxsən onun Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə dostluq münasibətləri var. “Buna görə də Gürcüstan regionumuzda uzunmüddətli davamlı sülh və sabitliyin təmin edilməsində maraqlıdır”, - deyə Qaribaşvili vurğulayıb.

Görünə bilər ki, Cənubi Qafqaz üçün qarışıqlıq dövrü keçmişdə qalıb, lakin dövlət başçıları bunu istəsələr də, hədəf hələ çox uzaqdadır. Həmin konfransda Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paşinyanı inandırmağa çalışıb ki, 2020 və 2023-cü illərdə Bakı ancaq beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünü bərpa edir. Eyni zamanda, o, Parisin İrəvanı silahlandırmaqla Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olduğunu vurğulayıb.

Paşinyan cavabında bildirib ki, Bakı bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə ölkəsini “Qərbi Azərbaycan” adlandırır. “Xüsusilə qorxulu olan odur ki, bu tarixçə Azərbaycan hökuməti tərəfindən rəsmi şəkildə təşviq edilir”, - deyə Paşinyan vurğulayıb.

Bundan əlavə, İranın Ermənistandakı səfiri Mehdi Sobhani Ermənistan KİV-lərindən birinə müsahibəsində qondarma Dağlıq Qarabağ Respublikasında yaşayan ermənilərin hüquqlarının qorunmasının zəruriliyindən danışıb.

Diplomat qeyd edib ki, bu, Azərbaycanın ərazi bütövlüyünə qəsd demək deyil, lakin Bakı əmin olmalıdır ki, Qarabağ erməniləri özlərini təhlükəsiz hiss etsinlər və oranı tərk etmək istəmirlər. O, “Zəngəzur dəhlizi”ni də xatırladıb və bildirib ki, Azərbaycanın bəyanatlarında “gizli məna” var. Bununla da o, ermənilərin Bakıdan Naxçıvana gedən yolun İrəvanın suverenliyinə təhlükə yarada biləcəyi ilə bağlı qorxularını təsdiqləyib.

Azərbaycan hakimiyyəti Sobhaninin müsahibəsini təxribat kimi qiymətləndirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin qeyd etdiyi kimi, “bu fikirlər bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-İran münasibətlərinə xələl gətirir”.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov əmin edib ki, onun ölkəsinin Ermənistanı işğal etmək niyyəti yoxdur. O izah edib ki, Naxçıvana gedən yol həm də Asiyanı Avropa ilə birləşdirən Orta Nəqliyyat Dəhlizi üçün alternativ yoldur. Üstəlik, İrəvan marşrutu açmaqdan imtina edərsə, Bakının İrandan keçən alternativ marşrutu var və o, tezliklə açılacaq. “Ermənistan regionda çıxılmaz vəziyyətində qalacaq”, - deyə Əmirbəyov yekunlaşdırıb.

Maraqlıdır ki, NG-yə müsahibə verən erməni və azərbaycanlı ekspertlər yekdilliklə bəyan ediblər ki, onların ölkələri arasında sülh müqaviləsinin imzalanması bütün qorxuları dağıtmalıdır. Bununla belə, onların özləri üçün təsəvvür etdikləri gələcək çox fərqlidir.

Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin (ACSIS) rəhbəri Ayk Xalatyan deyib: “Paşinyan “nəyin bahasına olursa-olsun sülh” şüarını qəbul etdi, lakin Azərbaycan daim yeni şərtlər irəli sürür”.

Ekspertin fikrincə, Paşinyanın strategiyası hələlik yalnız azərbaycanlıların iştahasının artmasına gətirib çıxarır. İrəvanla Rusiya arasında münasibətlərdəki böhranı və ümumən çətin beynəlxalq vəziyyəti nəzərə alan Xalatyan növbəti müharibəni istisna etmir:

“Gürcüstan və Azərbaycanın da müəyyən çətinlikləri var, məsələn, David-Qareci kompleksi ətrafındakı vəziyyət, lakin iqtisadi baxımdan Tbilisi Bakı və Ankaradan çox asılıdır və onlarla münasibətləri gərginləşdirir. Bundan əlavə, Gürcüstan Avro-Atlantik inteqrasiya kursunu müəyyənləşdirib və Cənubi Qafqaz şəraitində bu, Türkiyəyə gedən yoldur”.

Xalatyan qeyd edib: “Azərbaycan və Türkiyə regionda əsas olmaq istəyirlər və artıq çox şeyə nail olublar”.

Azərbaycanlı politoloq İlqar Vəlizadə hesab edir ki, sülh müqaviləsi münaqişəni keçmişdə qoymalıdır, ona görə də tezliklə imzalanmalıdır.

“Qərbi Azərbaycan”a gəlincə, bu yolla Bakı xatırladır ki, keçmişdə Ermənistan ərazisində azərbaycanlılar yaşayırdılar. Nə qədər ki, o, öz tarixi irsindən danışır, Azərbaycan buna cavab verəcək”, - deyə Vəlizadə vurğulayıb.

Bununla yanaşı, ekspertin fikrincə, Bakı İrəvanı sülh müqaviləsi imzalamağa və kommunikasiyaların blokunu açmağa inandırmaq niyyətində deyil. “İndiyə qədər biz fərqli davranırdıq: özümüz üçün əlverişli şərait yaratmışıq. Əgər Ermənistan bizə sarı gəlməsə, Əli aşından da, Vəli aşından da məhrum olacaq”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər