12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Bayden qələbə çalmaq şansını itirə bilər
Tarix: 13-11-2023 14:38 | Bölmə: Slayd
Bayden qələbə çalmaq şansını itirə bilər

Amerikalı seçicilərin yalnız 14 faizi Co Baydenin prezident seçildiyi vaxtdan daha yaxşı vəziyyətdə olduqlarını bildirirlər. Yəni, ölkənin hazırkı iqtisadi göstəriciləri C. Baydenin yenidən ABŞ prezidenti seçilmək perspektivi üçün təhlükəli hesab olunur.

Reyting.az
“Financial Times”ə istinadla bildirir ki, seçicilərin təxminən 70 faizi Baydenin iqtisadi siyasətinin ya ABŞ iqtisadiyyatına zərər verdiyini, ya da heç bir təsir göstərmədiyini düşünür.

O cümlədən respondentlərin 33 faizi hazırkı prezidentin siyasətinin “iqtisadiyyata ciddi ziyan vurduğuna” inanır.

Respondentlərin yalnız 26 faizi Baydenin siyasətinin iqtisadiyyata kömək etdiyini düşünür.

Xatırladaq ki, dörd il əvvəl “Financial Tines” üçün keçirilən oxşar sorğuya görə, əksər amerikalılar maliyyə vəziyyətlərinin prezident Donald Trampın dövründə yaxşılaşmadığına inansalar da, daha az pessimistdirlər. 2019-cu ilin noyabr ayında seçicilərin yalnız 35 faizi Trampın dövründə maliyyə vəziyyətlərinin yaxşılaşdığını, 31 faizi isə daha da pisləşdiyini bildirmişdi.

Yeni sorğu göstərir ki, ölkədəki inflyasiya Bayden kampaniyasının seçiciləri prezidentin ölkənin istehsal sektorunu cavanlaşdırmaq strategiyasına və orta sinif maaşlarının durğunluğunu geri qaytarmağa inandırmaq səylərinə kölgə salmaqda davam edir. Onların ən böyük maliyyə stressinin nədən qaynaqlandığını soruşduqda, respondentlərin 82 faizi qiymət artımını göstərib.

Respondentlərin dörddə üçü qiymət artımının növbəti altı ayda ABŞ iqtisadiyyatı üçün ən böyük təhlükə olduğunu deyib.

“Bütün qruplar - Demokratlar, respublikaçılar və müstəqillər - bahalaşmanı ən böyük iqtisadi təhlükə və ən böyük maliyyə stressi mənbəyi adlandırırlar. Bu, Bayden üçün pis xəbərdir, xüsusən də seçki gününə qədər vəziyyəti dəyişdirməkdən ötrü çox az şey edə bildiyi üçün”, - deyə Miçiqan Ross Məktəbinin professoru Erik Qordon bildirib.

Baydenin üç illik hakimiyyəti müddətində ölkədə qiymət artımı davamlı problem olub və inflyasiya keçənilki illik zirvəsi olan 9,1 faizdən aşağı düşsə də, son rəsmi məlumatlar istehlak qiymətləri indeksinin sentyabr ayında 3,7 faiz artdığını göstərir.

İnflyasiya təzyiqlərinə cavab olaraq seçicilərin 65 faizi tətil və ya yemək kimi vacib olmayan xərcləri, 52 faizi isə qida və ya digər gündəlik tələbat mallarını azaltdıqlarını bildiriblər.

Respondentlərin 52 faizi - prezidentin iqtisadiyyatı yaxşılaşdırmaq üçün gördüyü işlər haqqında “az” və ya “heç nə” eşitmədiklərini söyləyib.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti C. Bayden 6 əsas ştatdan 5-də əsas rəqibi D. Trampdan geri qalır. Bundan əlavə, Baydenin İsrail və HƏMAS arasındakı münaqişəyə reaksiyası onun siyasi karyerası üçün riskli ola bilər. Gənc seçicilərin dörddə birindən azı onun bu yanaşmasını bəyənir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər