12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ və Çin liderləri görüşə hazırlaşır - Nüvə silahları ilə bağlı məsələ müzakirə olunacaq
Tarix: 14-11-2023 00:26 | Bölmə: Slayd
ABŞ və Çin liderləri görüşə hazırlaşır - Nüvə silahları ilə bağlı məsələ müzakirə olunacaq

ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin bu həftə San-Fransiskoda görüşüb Tayvan məsələsini müzakirə edəcəklər.

Reyting.az
-ın xəbərinə görə, “Financial Times” yazıb ki, iki ölkə liderinin görüşü ilə vəziyyətin köklü şəkildə dəyişəcəyini gözləmək olmaz.

Bildirilir ki, hazırda ABŞ-Çin münasibətləri son 40 il ərzində ən pis həddə çatıb. Buna xüsusilə Nümayəndələr Palatasının o vaxtkı sədri Nensi Pelosinin 2022-ci ilin avqustunda Tayvana mübahisəli səfəri və bu ilin fevralında ABŞ üzərində Çin casus şarlarının görünməsi səbəb olub. Yəqin həm də buna görədir ki, çoxları bu görüşdən Tayvanın gələcəyi ilə bağlı hər hansı aydın anlaşma və razılaşma əldə olunacağına inanmır.

ABŞ rəsmilərindən biri iki lider arasında görüşlə bağlı deyib: “Biz nəticələrin uzun siyahısından danışmırıq. Buradakı məqsədlər həqiqətən rəqabəti idarə etmək, münaqişənin mənfi riskinin qarşısını almaq və kommunikasiya kanallarını açıq saxlamaqdır”.

Onun sözlərinə görə, tərəflərin həm ABŞ, həm də Tayvanda 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı müəyyən narahatlıqları var. Bu siyasi amil yaxın aylarda ABŞ-Çin münasibətlərini daha da qeyri-bərabər edə bilər. Buna görə də Pekin və Vaşinqton arasında ən yüksək səviyyədə əlaqəni gücləndirmək lazımdır.

Məlumata görə, görüş zamanı Co Baydenin ABŞ-ın “Vahid Çin” prinsipinə sadiqliyini bir daha təsdiqləməsi, eyni zamanda Si Cinpinə Çinin Tayvan seçkilərinə müdaxiləsinə qarşı xəbərdarlıq edəcəyi gözlənilir.

Avqust ayına qədər ABŞ Dövlət Departamentinin Çin üzrə yüksək vəzifəli məmuru olmuş Rik Uoters deyib ki, hər iki lider münasibətlərin daha da pisləşməsinin qarşısını “mümkün olan minimum xərclə” almaq istəyir.

Ağ evdən “Financial Times”ə bildiriblər ki, liderlər görüşdən sonra birgə bəyanat yaymayacaqlar.

Liderlərin Tayvan məsələsi ilə yanaşı, ticarət əlaqələrini də müzakirə edəcəyi gözlənilir. Qeyd olunur ki, Çin Amerikanın bir sıra strateji mal və texnologiyaların tədarükünə qoyduğu məhdudiyyətləri aradan qaldırmağa çalışır.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri J. Yellen bu yaxınlarda elan edib ki, Amerika hökumətində Çin firmalarının Qərbin sanksiyalarından yan keçərək Rusiya ordusuna avadanlıq tədarükündə iştirakına dair sübutlar var. Eyni zamanda o, xəbərdarlıq edib ki, Rusiyanın hərbi səylərini dəstəkləyən istənilən şirkət sanksiyalarla üzləşə bilər.

Çin və ABŞ-ın uzun illərdən sonra ilk dəfə nüvə silahlarına nəzarəti müzakirə edəcəyi də bildirilir. Danışıqlar Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsindən çıxması fonunda aparılacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər