12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kremldə gərginlik: ABŞ və Çin liderlərinin görüşü Rusiyada narahatlıqla qarşılanıb - Foto
Tarix: 17-11-2023 14:32 | Bölmə: Slayd
Kremldə gərginlik: ABŞ və Çin liderlərinin görüşü Rusiyada narahatlıqla qarşılanıb

ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpinin görüşü Pekinin Moskva ilə sıx əməkdaşlıqdan uzaqlaşdığını göstərir.

Reyting.az
xəbər verir ki, belə bir qənaətə siyasi ekspert Valeri Kloçok gəlib.

V. Kloçokun fikrincə, Rusiya Çin üçün ciddi bazara çevrilib - bu ölkələr arasında ticarət əlaqələri yalnız son illərdə intensivləşib.

Siyasi ekspertin sözlərinə görə, ABŞ və Çin liderlərinin görüşü nəticəsində Rusiya lideri Vladimir Putinin illərdir arzuladığı ikiqütblü dünya yaratmaq ideyası reallaşıb. “Düzdür, o, özünü Baydenin rəqibi kimi görürdü. Əslində, məlum oldu ki, ABŞ bu ikiqütblü dünyanın bir qütbündə, Çin isə digər qütbündədir və Putin bunu ancaq seyr edə bilər”, - deyən V. Kloçok əlavə edib:

“Eyni zamanda, ruslar ağızlarına su götürüb susdular. Mən Rusiyadan bir şərh də görmədim. Kremldə isə panika yaranıb”.



V. Kloçok xatırladıb ki, ABŞ və Çin mədəni, idman və sosial mübadilə üçün ölkələr arasında uçuşların sayını artırmaq barədə razılığa gəliblər. Bu, hətta sosial, məişət və turizm səviyyəsində əməkdaşlığın dərinləşəcəyini göstərir:

“Belə şeylər təsadüfən yazılmır. Ola bilsin ki, bu, dövlətlərarası əməkdaşlıq sazişinin yaradılması üçün böyük hazırlıqdır. İndi deməyəcəyəm ki, gələcəkdə Çin və ABŞ dost ölkələrə çevriləcək. Lakin indiki mərhələdə praqmatizm qalib gəlir”.

Qeyd edək ki, Co Baydenin Si Cinpini Rusiyaya kömək etməməyə çağırdığı barədə məlumatlar da yayılıb. Kloçokun sözlərinə görə, Putin bunu sadəcə, izləyir və heç nə edə bilmir.

Xatırladaq ki, noyabrın 15-də ABŞ və Çin liderləri Co Bayden və Si Cinpin San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində görüşüblər. Görüşdən sonra xəbər verilib ki, liderlər dövlətlər arasında hərbi əlaqələri bərpa etmək və narkotiklərə qarşı mübarizə sektorunda da əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bundan əlavə, Çin lideri Amerika prezidentini əmin edib ki, onun dövləti yaxın illərdə Tayvana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil. Eyni zamanda, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib ki, liderlər arasında aparılan danışıqlar Çinin Ukraynadakı müharibə ilə bağlı mövqeyinə təsir etməyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər