13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkmənistanda qorxunc epidemiya: hakimiyyət nə edəcəyini bilmir
Tarix: 15-02-2024 14:15 | Bölmə: Slayd
Türkmənistanda qorxunc epidemiya: hakimiyyət nə edəcəyini bilmir

COVID-19 böhranını məxfi idarə etmə təcrübəsi göstərdiyi kimi, Türkmənistanın hakimiyyət orqanlarından əhalinin sağlamlığı haqqında dürüst hesabat gözləməyə dəyməz. Buna görə də, ölkədə yayılan ölümcül qrip epidemiyası haqqında çox az şey məlumdur.

Reyting.az
xəbər verir ki, bu barədə Eurasia.net yazıb.

Təhlildə qeyd olunur:

Fevralın 7-də Vyanada yerləşən “Turkmenistan Chronicles” jurnalı adı açıqlanmayan mənbələrə istinadla xəbər verib ki, ötən ay 33 uşaq qripin yaratdığı ürək və tənəffüs xəstəliklərindən dünyasını dəyişib. Onların arasında 5-7 yaş arası uşaqlar xüsusilə çoxdur

“Chronicles”-ın hesabatında qripin yayılmasının indi səngidiyi, lakin böhranın zirvəsində xəstəxanalarda çarpayı çatışmazlığı olduğu bildirilir.

Mənbə qeyd edib ki, bir mərhələdə rayonlardan gələn xəstələrin şəhər xəstəxanalarına qəbulu dayandırılıb. Dərman çatışmazlığı o həddə çatıb ki, Türkmənistan Özbəkistandan dərman idxal etməyə məcbur olub.

Epidemiyanın pik nöqtəsi dekabr və yanvarın əvvəllərində baş verib. Bir çox insan klinikalardan üz döndərib, evdə özünümüalicə üsuluna əl atıb və bununla da infeksiyanın yayılmasını asanlaşdırıblar.

Təxminən noyabrda paytaxt Aşqabadın səhiyyə orqanları qızılca epidemiyası ilə mübarizə aparırdı. “Azadlıq Radiosu”nun türkmən xidmətinin (“Radio Azatlyk”) müxbiri o zaman xəstəxanalara müraciət edən xəstələrin əksəriyyətinin uşaq bağçası yaşında olduğunu və həkimlərin hər kəsə adekvat qayğı göstərmək üçün mübarizə apardığını bildirib.

Bu, epizod türkmən rejiminin çaşqınlığını göstərir.

Narahatlıq doğuran digər səhiyyə xəbərlərində Türkmənistanın qərbində orta məktəb qızlarının “bakirəlik testindən” keçirildiyi məlum olub. Bu müdaxilə məntiqsiz görünsə də, ginekoloji müayinələrin mümkün motivlərindən biri yeniyetmə hamiləliklərinin son vaxtlar artması və abortlarla bağlıdır və yerli hakimiyyət orqanları bundan çox narahatdır.

“Azatlyk” iddia edir ki, valideynlərinin razılığı olmadan keçirilən testdən “qeyri-məqbul” çıxan qızlara dair məlumatlar polisə və Milli Təhlükəsizlik Nazirliyinə ötürülür.

Səlahiyyətlilər səhiyyə sisteminin əhatə dairəsini genişləndirmək üçün bol sərmayə yatırmaqda israrlıdırlar.

Noyabr ayında Balkanabad rayonunun qərb bölgəsində və şərqdə, Marı əyalətinin Bayramalı rayonunda iki təmir edilmiş xəstəxana öz qapılarını açıb. İki xəstəxana müvafiq olaraq 290 və 300 çarpayı ilə təchiz olunub. 2022-ci ilin aprelində prezident Serdar Berdıməhəmmədov Türkmənbaşı şəhərində 1200 işçinin çalışdığı 400 çarpayılıq, yeddi mərtəbəli xəstəxananın açılışını edib.

Tibb müəssisələrinin oxşar açılışları müntəzəm olaraq baş verir, baxmayaraq ki, bu yerlərin xidmət keyfiyyətini yoxlamaq üçün etibarlı üsul yoxdur.

Fevralın 9-da Berdiməhəmmədovun nəzarəti altında keçirilən Nazirlər Kabinetinin iclasında saxta iqtisadi statistika açıqlanıb. İctimaiyyətə məlumat verilib ki, 2023-cü ildə ümumi daxili məhsul (ÜDM) 6,3 faiz artıb. Dövlət statistikasının məlumatına görə, bu, bir il əvvəl 6,2 faiz olub.

Türkmənistanın ötən il 80 milyard kubmetr təbii qaz və 8 milyon ton neft hasil etməsi enerji sənayesinin müşahidəçilərini maraqlandırıb. Həmin qazın yarısı Çinə göndərilir.

İllik hesabatlar hər şeyin yaxşı getdiyi mənası vermir. Amma hətta kənd təsərrüfatı sahəsində 4,4 artım olduğu yazılıb.

Ədalət naminə, bu, inandırıcı görünür. Türkmənistan pomidorunun xarici bazarlarda uğur qazandığına sübut var.

Yanvar ayında Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının kənd təsərrüfatı və balıqçılıq şöbəsinin müdiri Şamırat Herremov bildirmişdi ki, meyvə və tərəvəz ixrac edən türkmən sahibkarları 2022-ci ilə nisbətən ixracı 10 faiz artıraraq 135 milyon dollar mənfəət əldə ediblər. Tam 100 milyon dollarlıq pomidor ixrac edilib. Türkmənistan məhsullarının təyinat bazarlarına Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Bunlardan Rusiya xüsusilə qiymətli marşrut sayılır. Fevralın 7-də Türkmənistanın kənd təsərrüfatı və səhiyyə rəsmiləri Rusiyanın kənd təsərrüfatına nəzarət orqanı olan “Rosselxoznadzor”un nümayəndələri ilə videokonfrans keçiriblər.

“Rosselxoznadzor” Türkmənistandan gətirilən pomidorların tərkibindəki kimyəvi maddələrin həddən artıq çox olması ilə bağlı narahatlığını çatdırmaq üçün fürsət tapıb. Ruslar Türkmənistanda pestisidlərin necə istifadə edildiyini görmək üçün bilavasitə yerində yoxlama aparmaq istədiklərini bildiriblər. Türkmənlər pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi ilə bağlı Rusiya təcrübələrini mənimsəyəcəklərinə dair zəmanət veriblər, lakin görünən odur ki, əcnəbi mütəxəssislərin dəvət edilməsi təklif olunduqda onlar şübhəli tərzdə buna qarşı çıxıblar.

Qırğızıstanın belə bir narahatlığının olub-olmadığı məlum deyil. Bu ölkənin Aşqabaddakı səfiri Azizbek Madmarov ötən həftə ölkəsinə pomidorun 80 faizinin Türkmənistandan gətirildiyini açıqlayıb. Bu, 2023-cü ildə iki ölkə arasında aparılan 100 milyon dollarlıq ticarətə böyük töhfə verəcək. Madmarovun dediyi kimi, türkmən investorları Qırğızıstanla çox maraqlanırlar.

Kənd təsərrüfatında təkmilləşdirməyə ciddi ehtiyac olduğunu dərk edən Berdıməhəmmədov Nazirlər Kabinetinin iclasında Kənd Təsərrüfatı Nazirliyi və kənd təsərrüfatı sahəsində bir sıra dövlət qurumlarının köklü şəkildə yenidən qurulması barədə göstəriş verib. O, bunun “məhsuldarlığı artırmaq, heyvandarlıq və quşçuluğu inkişaf etdirmək, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edən müasir müəssisələrin yaradılması və istehsalata qabaqcıl texnologiyaların tətbiqi” məqsədilə ediləcəyini bildirib.

Bununla da Nəzərmirat Nəzərmiradov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib ki, o, “başqa işə keçirilib”. Onu müavini Çəriyar Çətiyev əvəz edib.

Nəzərmiradov işini itirən bir neçə mühüm nazirdən biri olub. Tikinti və Memarlıq Nazirliyinin, Təhsil Nazirliyinin, Səhiyyə və Tibb Sənayesinin rəhbərləri də dəyişdirilib. Səkkiz rayon səviyyəli rəislərə də “rədd ol!” əmri verilib. İşlərini düzgün yerinə yetirmədiklərinə görə. Hər bir istefanın arxasında nəsə durur, lakin bu, Türkmənistan olduğuna görə, səbəblər haqqında yalnız təxmin demək olar.

Başqa bir başağrısı ərzaq qiymətlərinin artmasıdır.

Amsterdamda yerləşən Turkmen.news fevralın 12-də bildirib ki, qiymətlərin subsidiyalaşdırıldığı dövlət mağazalarında çörəyin və unun qiyməti qalxıb. Bu ayın əvvəlində 0,50 manata olan çörək indi 2 manata satılır. Son vaxtlara qədər 50 manata satılan un kisəsi indi 190-210 manatadır.

Heç bir rəsmi danışmasa da, bu, Berdıməhəmmədovun Türkmənistan iqtisadiyyatının bazar qaydalarına keçidini görmək arzusuna uyğun olaraq subsidiyaların geri qaytarılması istiqamətində atılan son qəti addım kimi görünür.

Kimsə şikayət edirsə, onların ağzını bağlamaq üçün repressiv maşın dərhal işə düşüb.

Bununla belə, bəzi həqiqətlər ortaya çıxır.

Eks-prezident Qurbanqulu Berdiməhəmmədovun (hazırkı prezidentin atası-red.) fəxri adı ilə eyni olan futbol komandası – “Arkadağ” bu mövsüm ilk cəhdində ölkə çempionu titulunu qazanmaqdan ötrü hər oyunda qalib gəlib. Bu qələbə seriyası artıq başa çatıb.

Avropada yoldaşlıq oyunları turu yanvarın 31-də “Arkadağ”ın Şimali Makedoniya təmsilçisi "Vardar"ı 1:0 hesabı ilə məğlub etməsi ilə yaxşı başlayıb. Ukraynanın “Şaxtyor”u isə rəhmsiz olub. Fevralın 8-də ikinci heyətlə oynayan Donetsk təmsilçiləri türkmənləri asanlıqla, həm də 4:1 hesabı ilə darmadağın ediblər. İki gün sonra Ukraynanın digər komandası “SC Dnepr-1” “Ardağ”ı 1:0 hesabı ilə məğlub edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər