13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Münhen görüşünün əks-sədası: Rusiyanın Qafqazda nüfuzu azalıb
Tarix: 19-02-2024 11:27 | Bölmə: Slayd
Münhen görüşünün əks-sədası: Rusiyanın Qafqazda nüfuzu azalıb

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib ki, alyans Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına güclü dəstək verir. Buna səbəb Münhen Təhlükəsizlik Konfransında Nikol Paşinyanla İlham Əliyev arasında aparılan danışıqlar olub. Əvvəllər onlar 2023-cü ilin iyulunda görüşüblər, bundan sonra Azərbaycan hakimiyyəti onlara “qərəzli münasibət” bəsləyərək dəvətlərdən imtina etməyə başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

Bakı ilə İrəvan arasında vasitəçi rolunu Almaniya kansleri Olaf Şolts oynayıb. Onun sözlərinə görə, İrəvan və Bakı mübahisəli məsələləri zorakılıq olmadan həll edəcəklərinə söz veriblər. Şolts onları mümkün qədər tez bir sülh müqaviləsi imzalamağa çağırıb. Tərəflər bu mövzunun müzakirəsini davam etdirmək üçün yaxın vaxtlarda xarici işlər nazirlərinin görüşünü təşkil etmək barədə razılığa gəliblər.

Kanslerdən başqa Ermənistan və Azərbaycan liderləri ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenlə də fərdi danışıqlar aparıblar. Əliyev amerikalı diplomata bildirib ki, Cənubi Qafqazda artıq de-fakto sülh bərqərar olub və onun möhkəmlənməsi regional problemdir və Bakı ilə Vaşinqton arasında münasibətlərə təsir etməməlidir. Paşinyan isə əksinə, Blinkenlə fevralın 13-də dörd erməni əsgərinin öldürülməsinə səbəb olan Azərbaycanla sərhəddə artan gərginliyi müzakirə edib.

Amerikalı rəsmi Ermənistan rəhbəri ilə söhbəti məhsuldar adlandırıb. “Biz Ermənistanın sabit dünyaya sadiqliyini yüksək qiymətləndiririk. Habelə ölkələrimiz arasında bütün sahələrdə əlaqələri gücləndirə bilərik”, - deyə Dövlət Departamentinin rəhbəri bildirib.

O, Əliyevə xoş münasibət göstərərək onu əməkdaşlığı inkişaf etdirməyə hazır olduğuna inandırıb.

“Əslində, sülh həqiqətən mövcuddur. Təəssüf ki, o bəzən ayrı-ayrı hadisələrin kölgəsində qalır, lakin ümumilikdə vəziyyət stabildir, - azərbaycanlı politoloq İlqar Vəlizadə deyir. - Vəziyyəti uzun müddətə düzəltmək üçün Bakıya sülh müqaviləsi lazımdır. Eyni zamanda, danışıqlar prosesinin “canlandırılması” barədə danışmazdım. Əvvəla, indiyə qədər biz ancaq gördük ki, liderlər fürsətdən istifadə edib görüşdülər.

İkincisi, bunsuz da ləng müzakirələr davam edirdi. Məsələn, tərəflər sülh müqaviləsi layihəsi ilə bağlı təkliflər mübadiləsi aparırlar”, - deyə ekspert qeyd edib.

Vəlizadə hesab edir ki, Ermənistan və Azərbaycan 2023-cü ildəki danışıqlar formasına qayıtmaya bilər. Onun sözlərinə görə, artıq beynəlxalq vasitəçilərə ehtiyac yoxdur, çünki Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə mərkəzi regional müstəviyə keçir.

“Əliyev başa düşürdü ki, Qərb dövlətləri Ermənistana Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağı təklif edir və buna görə də onların danışıqlar formatında həvəslə iştirak edib. İstədiyinə çatan kimi dərhal danışıqlara son qoydu, - deyə erməni politoloq Tiqran Köçəryan qeyd edib. –

Birincisi, Qərbin ona təklif edəcəyi başqa heç nə yoxdur.

İkincisi, NATO ölkələrinin vasitəçiliyi Bakı ilə Moskva arasında münasibətlərə xələl gətirə bilər”.

Söz düşmüşkən, Qafqaz respublikalarının başçıları Qərb ölkələrinin dəstəyini almaq üçün konfransdan istifadə etməyə çalışırdılar. Məsələn, Əliyev Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və danışıqlar ingilis dilində aparılıb.

Öz növbəsində, Paşinyan NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenlə “regional inkişaf və təhlükəsizlik problemlərini” müzakirə edib. Rasmussen istefasından sonra “Rasmussen Global” beynəlxalq siyasi konsaltinq təşkilatını təsis edib. Həmçinin, 2022-ci ildən o, Kiyevə təhlükəsizlik zəmanətlərini hazırlamaq üçün Ukrayna hakimiyyəti tərəfindən yaradılmış platformaya rəhbərlik edir.

Politoloq Aleksey Makarkin hesab edir ki, konfransda Paşinyan və Əliyevin davranışı Rusiyanın Cənubi Qafqazda nüfuzunun zəifləməsi barədə danışmaq üçün yeni əsas yaratmayıb. Lakin Türkiyə regionda təsirini artırdığı üçün Moskvanın müəyyən problemləri var.

“Xüsusən də bu, artıq özünü elan etmiş “Dağlıq Qarabağ Respublikası”nın ləğvinə gətirib çıxarıb, buna görə də Ermənistan Rusiyadan uzaqlaşmağa, Fransaya yaxınlaşmağa başlayıb. Öz növbəsində, Azərbaycan NATO-nun üzvü olan və bununla da ABŞ və Fransa ilə ittifaqda olan Türkiyənin tərəfdaşıdır. Gələcəkdə onun sülhməramlıları Qarabağdan çıxarılarsa və ya İrəvan və Bakı Qərb platformalarından birində sülh müqaviləsi imzalayarsa, Rusiyanın Cənubi Qafqazdakı mövqeyi zəifləyə bilər”, - deyə Makarkin qeyd edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər