13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
“İrəvan düşmən tərəfə keçir” - Rusiyalı politoloq
Tarix: 26-02-2024 12:49 | Bölmə: Slayd
“İrəvan düşmən tərəfə keçir” - Rusiyalı politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) beşinci ölkəsi olan Ermənistan, təəssüf ki, hazırkı rəhbərliyin simasında tam əks istiqamətdə hərəkət edir və Rusiya ilə Qərb arasında ekzistensial qarşıdurma kontekstində düşmən tərəfə keçir. Bunu “Ermənistan yol ayrıcında: KTMT, NATO və ya qeyri-birlik statusu” mövzusunda keçirilən dəyirmi masada Ali İqtisadiyyat Məktəbinin təmsilçisi Dmitri Suslov deyib.

Reyting.az
xəbər verir ki, rusiyalı ekspertin fikrincə, KTMT ölkələri indi çox çətin vəziyyətdədir və olacaq, çünki Rusiya ilə Qərb arasında aktiv və açıq qarşıdurma, hibrid müharibə Ukraynada müharibə bitdikdən sonra da, bu və ya digər şəkildə davam edəcək.

“Bütün bu müddət ərzində Qərb KTMT ölkələrinə, o cümlədən Ermənistana böyük təzyiq göstərəcək və Rusiyaya qarşı mübarizədə onlardan istifadə etməyə çalışacaq", - deyə Suslov hesab edir.

Onun sözlərinə görə, hazırda Rusiya bütün cəbhə xətti boyunca təşəbbüskardır və hərbi texnika və sursatların səfərbərlik potensialında keyfiyyət üstünlüyü ilə Qərb çətin ki, Ukraynada qüvvələr balansını öz xeyrinə dəyişdirə bilsin.

Eyni zamanda, rusiyalı ekspertin proqnozlarına görə, Ukraynada müharibə çox uzun müddət davam edəcək, sülh müqaviləsi, habelə yekun siyasi və ərazi nizamlanması ilə bitməyəcək.

D. Suslovun fikrincə, bəzi Avropa ölkələri anti-Rusiya koalisiyasını tərk edə bilər, lakin Almaniya, Fransa və Böyük Britaniya da daxil olmaqla, əksəriyyəti sözsüz ki, bu koalisiyada qalacaq və hələ uzun illər sərt anti-Rusiya yanaşmasını davam etdirəcək. Eyni şey, Rusiya və Çinlə ekzistensial mübarizəyə sadiq olan ABŞ-a da aiddir.

“Buna görə də Rusiyanın Ukraynada üstünlük təşkil edən və ya qismən qələbəsi avtomatik olaraq bütün digər cəbhələrdə və mümkün olan yerlərdə, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiyada anti-Rusiya hərəkətlərinin artmasına gətirib çıxaracaq”, - deyə o qeyd edib.

Rusiyalı ekspertin fikrincə, artıq KTMT ölkələrinə qarşı təzyiqlər və onlarla “flört” artır və bu, Ukraynanın məğlubiyyəti artdıqca daha güclənəcək. “Bu, həqiqətən də KTMT ölkələrini çətin vəziyyətdə qoyur. Çünki Rusiyadan imtina etmək, ondan üz döndərmək, xüsusən də onun Ukraynada böyük qələbəsi şəraitində axmaqlıq və təhlükəlidir. Bu qələbədən sonra Rusiya regionda öz təsirini və mövcudluğunu gücləndirəcək və yeri gəlmişkən, Avrasiyada ən güclü döyüşə hazır, ən əsası döyüş qabiliyyətinə malik və müasir Silahlı Qüvvələrə sahib olacaq. O, 21-ci əsrin ən güclü hərbi-sənaye kompleksidir və olacaq. Eyni zamanda, Rusiya ilə Qərb arasında davam edən qarşıdurma kontekstində tamamilə Rusiyaya istiqamətlənmək KTMT ölkələri üçün də qeyri-mümkün və ya arzuolunmazdır, çünki bu, tamamilə Qərbin düşməninə çevrilmək, onunla münasibətləri tamamilə kəsmək və bütövlükdə Qərbin düşməni olmaq deməkdir. Bundan başqa, çoxvektorlu xarici siyasətə son qoyur”, - deyə Dmitri Suslov vurğulayıb.

Onun fikrincə, bu baxımdan, KTMT ölkələri üçün ən optimal və təhlükəsiz strategiya status-kvonu, Rusiya ilə müttəfiqlik münasibətlərini qoruyub saxlamaq, lakin tamamilə onun tərəfinə keçməməkdir.

“Sonuncu, maksimum dövlətçiliyin itirilməsi, minimum isə ərazi bütövlüyünün əhəmiyyətli dərəcədə itirilməsi ilə deməkdir. Qərbin anti-Rusiya siyasətinin tramplin və ya aləti kimi gördüyü ölkələrlə Rusiyanın necə rəftar etdiyini bu gün Ukraynanın timsalında görürük. Ukraynadakı qələbədən sonra Rusiya daha da güclənəcək”.

D. Suslovun sözlərinə görə, KTMT-nin üç üzvü - Qazaxıstan, Qırğızıstan və Tacikistan status-kvonu qoruyub saxlayır, Rusiyanın tam tərəfini və Rusiyaya qarşı Qərbin tərəfini tutmur.

KTMT-nin dördüncü ölkəsi Belarus şəraitə görə özünü Qərbdən təcrid etmək məcburiyyətində qalıb.

Qurumun beşinci ölkəsi olan Ermənistan, Suslovun fikrincə, təəssüf ki, indiki rəhbərliyinin simasında tam əks istiqamətdə hərəkət edir, Rusiya baxımından düşmən tərəfə keçir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər