13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkmənistan üzünü Qərbə döndərir - Aşqabad Orta Dəhlizlə Çinə qarşı çıxır
Tarix: 26-02-2024 13:53 | Bölmə: Slayd
Türkmənistan üzünü Qərbə döndərir - Aşqabad Orta Dəhlizlə Çinə qarşı çıxır

ATƏT-in baş katibi Helqa Şmid mart ayında Aşqabada gələcək. Bunu xarici işlər naziri Rəşid Meredov Nazirlər Kabinetinin həftəlik iclasında deyib. Onun sözlərinə görə, bu il Türkmənistan və ATƏT 37 birgə layihə həyata keçirir.

Helqa Şmidin səfəri çərçivəsində “ATƏT regionunda təhlükəsizliyin və etimadın möhkəmləndirilməsində neytral dövlətlərin rolu” adlı konfrans keçiriləcək.

May ayında Aşqabadda ATƏT Parlament Assambleyasının regional toplantısının keçirilməsi də planlaşdırılır. Prezident Serdar Berdıməhəmmədov bütün tədbirlərin ən yüksək səviyyədə keçirilməsi barədə göstəriş verib.

Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rəşid Meredov ötən həftənin sonunda hökumətin iclası zamanı bildirib ki, ATƏT-in Aşqabaddakı Mərkəzi və Türkmənistanın müvafiq dövlət qurumları ilə birlikdə 2024-cü il üçün birgə tədbirlərin həyata keçirilməsi planı hazırlayıb. Bu plan ikitərəfli və Mərkəzi Asiya regionu çərçivəsində siyasi, iqtisadi, ekoloji və humanitar sahələrdə səmərəli əməkdaşlığa yönəlib.

Xüsusilə, siyasi sahədə tərəflər sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, qabaqlayıcı diplomatiyanın inkişafına, müasir çağırış və təhdidlərə qarşı mübarizəyə yönəlmiş bir sıra layihələr həyata keçirmək niyyətindədirlər. İqtisadi və ekoloji sahələrdə regional əməkdaşlıq, enerji səmərəliliyinin artırılması, ekoloji təhlükəsizliyin gücləndirilməsi və iqlim dəyişikliyi məsələləri həll olunacaq. Humanitar sahədə isə elm və təhsil, insan hüquq və azadlıqlarının müdafiəsi, ölkədə demokratik təsisatların əsaslarının təkmilləşdirilməsi, gender bərabərliyinin təmin edilməsi, vətəndaşlığı olmayan şəxslərin problemlərinin həlli, KİV-in inkişafı və s.

Layihə baxılmaq üçün dövlət başçısına təqdim olunub. 2023-cü ilin yayında Aşqabadda ofisini açdıqdan sonra ATƏT Türkmənistanda fəaliyyətini aktivləşdirib. Helqa Şmid bu ölkəyə tez-tez qonaq gəlir. ATƏT-ə sədrlik edən Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani də ötən ilin oktyabrında Aşqabada gələrək təhlükəsizliyin təmin edilməsi və enerji resurslarının dünya bazarlarına etibarlı çatdırılması, dayanıqlı inkişaf üçün şərait yaradılması, nəqliyyat potensialının artırılması və s. məsələləri müzakirə edib.

“Türkmənistanın ATƏT-lə, ATƏT-in də Türkmənistanla flört etməsi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin hətta Avropaya deyil, bütövlükdə, Qərb dünyasına cəlbetmə istiqamətində ümumi tendensiyanın bir hissəsidir. Bu trendə Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi Aİ-nin Mərkəzi Asiya ilə bağlı yeni strategiyasına dair qətnaməsi, bir sıra yerli və tematik təşəbbüslər, məsələn, Orta Dəhliz (MCTM) də daxildir.

Xəzər bölgəsi, Aİ-nin Mərkəzi Asiya ölkələrini Əfqanıstanla bağlı təşəbbüslərinə bağlamaq cəhdləri ilk baxışda yalnız təcrid olunmuş təşəbbüslərdir, amma hamısı eyni paketdədir. Onlar Yaponiya və Cənubi Koreyanın regionda aktivləşməsi ilə müşayiət olunur ki, bu da nə qədər qəribə səslənsə də, açıq-aydın anti-Çin motividir, çünki Orta Dəhliz əvvəldən Rusiyanın Avropa-Çin marşrutuna alternativ kimi düşünülüb”, - bunu Mərkəzi Asiya üzrə ekspert Serdar Aytakov deyib.

Onun sözlərinə görə, bununla bərabər, Türkmənistanın rəsmi mediasında Çinin “strateji tərəfdaş” kimi qeyd edilməsi yoxa çıxıb. Əvəzində, bütün türkmən diplomatiyası Çin texnologiyalarına alternativ tapmaq üçün təcili olaraq Avropa, ABŞ, Yaponiya və Cənubi Koreyanın biznes nümayəndələri ilə təmaslara yönəlib:

“Aşqabad hələ də Türkmənistan-Çin qaz kəmərinin dördüncü D xəttinin tikintisi ilə bağlı danışıqları sabotaj edir və Arkadağ (Qurbanqulu Berdıməhəmmədov - N.Q.) və Serdar Berdıməhəmmədov Çindən gələn yüksək rütbəli məmurların qəbulundan imtina etdilər”.

Ekspert qeyd edib ki, Qərb mənalar və prinsiplər üzərində ticarət etməyə çalışır:

“Kinsizliyin və vicdansızlığın kəskin artması istisna olmaqla, bunda qeyri-adi heç nə yoxdur. Türkmənistan hakimiyyəti, nəhayət, vektoru şərqdən şərti qərbə dəyişmək qərarına gəlib. Bu qərarın motivlərində daha çox nə var: kökə istəyi, yoxsa şallaq qorxusu? Hələlik məlum deyil”.

S. Aytakov bildirib ki, Türkmənistan hökumət dairələrində Türkmənistanın ATƏT-in sədri vəzifəsinə seçilmə ehtimalı və Türkmənistanla Aİ arasında ticarət-iqtisadi sazişin tezliklə bağlanması məsələsi ciddi müzakirə olunur.

“Ciddi şallaq, daha doğrusu, Damokl qılıncı Türkmənistana ikinci dərəcəli sanksiyaların tətbiqi, o cümlədən SWIFT-dən ayrılma təhlükəsidir ki, bu halda Türkmənistan iqtisadiyyatı bir həftə ərzində çökəcək. Türkmənistan hakimiyyətinin anti-Rusiya sanksiyalarının həyata keçirilməsində səy göstərməsi də buna misaldır. Amma burada əsas Rusiya yox, Çin məsələsidir – Türkmənistan hakimiyyəti ABŞ və Çin arasında vəziyyətin gərginləşdiyi dövrdə Çinə qaz nəqlini “müvəqqəti olaraq” kəsmək zərurətinə hazırlaşır. Türkmənistanın Çinə satdığı qaza görə ildə aldığı 10 milyard dollar itkini və Çin texnologiyalarına çıxışın itirilməsini avropalıların “kökə”lərlə kompensasiya edib-etməyəcəyi Türkmənistan hakimiyyətinin özünü də məlum deyil. Lakin onların başqa seçimi yoxdur”, - deyə Aytakov əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər