13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiyanın “şok terapiyası”, Navalnının ölümü və Putinin seçkisi
Tarix: 01-03-2024 12:04 | Bölmə: Slayd
Rusiyanın “şok terapiyası”, Navalnının ölümü və Putinin seçkisi

Rusiyalı müxalif siyasətçi və Kreml tənqidçisi Aleksey Navalnının Arktikadakı cəzaçəkmə koloniyasında ölməsi dünyanı heyrətə gətirmədi. Siyasi məhbuslar deyil, qatı cinayətkarlar üçün nəzərdə tutulmuş “Qütb canavarı” QULAQ-ı ağır şəraiti ilə tanınır və orada Navalnıya işgəncələr verilirdi.

Bununla belə, son məhkəmədə şən görkəmlə çıxış edən Navalnının qəfil ölümü müəmmalıdır. 47 yaşlı Navalnı hələ gənc idi və onun fəal şəkildə qurduğu planlar onun gələcəyə ümidli olduğunu göstərirdi.

Beləliklə, əlamətlər, Rusiya səlahiyyətlilərinin iddia etdiyi kimi, "təbii səbəblərdən" ölümə işarə etmir.

Reyting.az xəbər verir ki, bu barədə “Project Syndicate” yazıb.

Təhlildə qeyd olunur:

Navalnı, əlbəttə, prezident Vladimir Putin rejiminin korrupsiyasını ifşa edirdi. 2020-ci ildə onun həyatına ən ciddi sui-qəsd cəhdi “Noviçok”la ölümcül zəhərlənmə idi və təcili müalicə üçün Almaniyaya aparılması uğursuz oldu. Həbs cəzası ilə ölüm hökmü arasındakı sərhədin təhlükəli dərəcədə incə olduğu bir ölkədə onu gözləyən aqibətdən xəbərdar olsa da, o, Moskvaya qayıtma yolu seçdi, həbs olundu və son nəticədə 19 il həbs cəzası aldı.

Aleksey Navalnının ölümündə əsas şübhəli aşkardır. "Putin məsuliyyət daşıyır", - bunu ABŞ prezidenti Co Bayden deyib. Digər dünya liderləri və şərhçilər də bununla razılaşırlar.



2013-cü ildə Moskva merliyinə və 2018-ci ildə prezidentliyə namizəd olmuş bacarıqlı yerli təşkilatçı Navalnı hakim partiyanı “fırıldaqçılar və oğrular yığnağı” adlandıraraq, Putinə qarşı çıxış edən ən etibarlı və harizmatik səxs idi. O, hətta dəmir barmaqlıqlar arxasında da Putin üçün təhlükə sayılırdı.

Putin beşinci müddətə prezidentlik kampaniyası aparır və (2020-ci ildə konstitusiya müddətinə qoyulan məhdudiyyətləri aradan qaldırılıb-red.) bu ay keçiriləcək prezident seçkilərində favorit, habelə şübhəli ölümün açıq-aşkar günahkarıdır. Navalnının ölümündə Putinin rolu danılmaz olsa da, bu faciədə rolu görməməzliyə vurulan səssiz ortaq var: 1990-cı illərin əvvəllərində qəbul edilmiş iqtisadi siyasət.

Sovet iqtisadiyyatından tədricən uzaqlaşmaq əvəzinə, Rusiya bazar qüvvələrini mümkün qədər tez buraxmağı vəd edən islahatlar paketini qəbul etdi. Məlum olduğu kimi, “şok terapiyası” Beynəlxalq Valyuta Fondunun və bir çox Beynəlxalq İnkişaf İnstitutunda yerləşən çox hörmətli iqtisadçıların, eləcə də ABŞ prezidenti Bill Klinton administrasiyasının xeyir-dualarını aldı.

Sürətli kütləvi özəlləşdirmə - şok terapiyasının əsas komponenti - dünyanın ən böyük neft, təbii qaz və metal yataqları da daxil olmaqla, tarixdə ən böyük sərvət köçürmələrindən biri ilə nəticələndi. Ən iddialı səy, prezident Boris Yeltsinin özəlləşdirmə çarı Anatoli Çubays tərəfindən hazırlanmış “səhmlər üçün kreditlər” sxemi Rusiyanın ən qiymətli aktivlərinə nəzarəti ələ keçirmiş siyasi cəhətdən güclü oliqarxlar sinfini yaratdı.



Həmin sürətli özəlləşdirmənin məqsədi təkcə iqtisadi deyildi. Çubaysın bir gözü Sovet İttifaqının dağılması ilə ruhdan düşmüş, lakin bölünməmiş Kommunist Partiyasının hələ də hədsiz mövcudluğuna dikilmişdi.

Deməli, kütləvi özəlləşdirmənin məqsədlərindən biri də acgöz kommunist kadrlar və məmur sinfini parçalamaqla, partiya birliyini pozmaq idi. Sxemin bu hissəsi demək olar ki, mükəmməl işləyirdi. Hətta “KQB” (Dövlət Təhlükəsizlik Komitəsi-red.) əməkdaşları da sənaye və digər aktivləri ələ keçirmək üçün öz “qəbilələri” ilə əlaqəni kəsdilər.

Problem ondadır ki, məhkəmələr və ya tənzimləyici strukturlar bazarların fəaliyyət göstərdiyini nümayiş etdirə bilmirdi. Təəccüblü deyil ki, Çubaysın özəlləşdirmə siyasəti "terapiya" qədər "şok" oldu. Qiymətlərin qəfil liberallaşdırılması və kütləvi özəlləşdirmə yalnız eybəcərləşmiş kleptokratiyanı, tayfa kapitalizmi və geniş yayılmış korrupsiyanı təmin etdi. Dövrünün sonunda getdikcə zəifləyən və populyarlığını itirən Yeltsin keçmiş orta səviyyəli “KQB” zabiti olan, naməlum keçmişli Putini baş nazir təyin etdi və Putin bu vəzifəni 2000-ci ildə prezidentliyə dəyişdi.

Navalnının Rusiyanın Ukraynaya təcavüzünün ikinci ilinə təsadüf edən faciəli ölümünün kökləri bu tarixə dayaqlanır. Əlbəttə, Putinin əllərində qan ləkəsi var, lakin onun meydana çıxdığı və inkişaf etdirdiyi ekosistemi yaradan iqtisadi siyasət günahkardır. İdeal bir dünyada müasir qəhrəmanın ölümünə yas tutmaq əvəzinə, bu siyasət məhv edilməlidir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər