13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya od içində: şəhər və kəndlər kütləvi hücuma məruz qalıb - Fotolar
Tarix: 12-03-2024 12:53 | Bölmə: Slayd
Rusiya od içində: şəhər və kəndlər kütləvi hücuma məruz qalıb

Martın 12-nə keçən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri ölkənin 7 regionunda Ukraynanın 25 pilotsuz uçan aparatını məhv edib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya hərbi qüvvələri paytaxt Moskvada iki pilotsuz təyyarənin, Leninqrada hücum edən bir pilotsuz təyyarənin, Belqorodda yeddi pilotsuz təyyarənin, Kursk şəhərini hədəfə alan 11 pilotsuz təyyarənin, eləcə də Bryanskda 1 pilotsuz təyyarənin, Tulada isə bir dron, həm də pilotsuz təyyarənin vurulduğunu bildirir.

Bəzi mənbələrin məlumatına görə, Rusiyanın Oryol vilayətinə də iki dron hücum edib, eyni zamanda Nijni Novqoroda, eləcə də Voronej vilayətinə bu gecə dronlarla zərbələr endirilib.



Qubernator Qleb Nikitinin söylədiyinə görə, pilotsuz təyyarə hücumundan sonra Nijni Novqorod vilayətinin Kstovo şəhərindəki yanacaq-energetika kompleksi obyektində yanğın baş verib. Qubernator deyib ki, yanğın kompleksin nəzdindəki neft emalı qurğularının birindən başlayıb.

Hələ ki, bu hücumlar nəticəsində itkilər, ölənlər və yaralananlar barədə məlumat verilmir.

Məlumata görə, yanğın öncə "LukOİL" şirkətinə məxsus neft bazasında başlayıb.

Rusiyanın müstəqil media nümayəndələrini təmsil edən bəzi saytlar, eləcə də "Kanal 112" Putin hakimiyyətinin ictimaiyyətə doğru məlumat vermədiyini, hücum aktının sarsıdıcı nəticələrinin gizlədiliyini iddia edirlər.

Bəzi media mənsubları xəbərlərin əksinə olaraq, əslində pilotsuz təyyarənin neft distillə edən qurğuya dəydiyini, daha çox itkilər olduğunu bildirirlər.

TASS isə regional hökumətin mətbuat xidməti nümayəndəsinə istinadla xəbər verir ki, neft anbarı yansa da, hücum zamanı heç kim zərər çəkməyib. Yanan böyük neft anbarının yaxınlığındakı iki çoxmərtəbəli yaşayış binasından 17 nəfəri təxliyə etmək mümkün olub.

Belqorod vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində isə yeddi kənd işıqsız qalıb.

Rusiya Müdafiə Nazirliyi martın 12-də səhər saatlarında Belqorod vilayətində hava hücumundan müdafiə qüvvələrinin bir “Toçka-U” raketini, eləcə də “RM-70 Vampire” reaktiv yaylım atəş sisteminin səkkiz mərmisini vurduğunu bəyan edib.

Moskva meri Sergey Sobyanin isə bildirib ki, şəhərə doğru istiqamət götürən pilotsuz təyyarə mərkəzdən kənarda, Ramenskoye şəhər dairəsində vurulub.



İlkin məlumatlara görə, Leninqrad, Bryansk və Voronej vilayətlərində böyük dağıntı və tələfat yoxdur.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Rusiya Federasiyasının bölgələri mütəmadi olaraq atəşə, pilotsuz təyyarələrin hücumlarına məruz qalır. Baş verən bu hücumlara görə hər dəfə Rusiya Ukraynanı ittiham edir. Ukrayna rəsmiləri isə belə hadisələrli heç vaxt şərh etmirlər.

Ukraynanın bəzi media mənbələri Rusiya hədəflərinə hücumların Ukrayna hərbi kəşfiyyatının və ya SBU-nun əməliyyatları ilə əlaqələndirir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər