Borrell ikibaşlı danışır
Tarix: 18-03-2024 20:16 | Bölmə: Slayd
Borrell ikibaşlı danışır

Avropa İttifaqı (Aİ) Rusiyada keçirilən prezident seçkilərində ATƏT müşahidəçilərinin iştirak etməməsindən təəssüfləndiyini bildirib və “ciddi məhdudiyyətlər şəraitində keçirilən” səsverməni tənqid edib.

Reyting.az
-ın məlumatına görə, oxşar bəyanatı Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cosef Borrell də səsləndirib. Lakin onun bəyanatında Aİ-nin Rusiyadakı seçkilərin nəticələrini tanımaması fikri tam əks olunmayıb.

Borrell deyib: “Rusiyada seçkilər getdikcə daralmış bir siyasi məkan çərçivəsində keçirildi. Bu isə ölkədəki çoxlu sayda vətəndaşın siyasi hüquqlarının kobud pozulması hallarının artmasına səbəb oldu. Beləliklə, xeyli namizəd, eləcə də Rusiyanın apardığı qeyri-qanuni işğalçı müharibənin əleyhinə çıxanlar seçki prosesinə buraxılmadı".

Borrellin bəyanatında qeyd olunur ki, belə bir şərait yaratmaqla əslində rus seçiciləri real imkanlardan məhrum ediliblər, üstəlik, sərbəst şəkildə öz seçimini edib etibarlı məlumat əldə etmək istəyənlərin imkanları ciddi nəzarət altında məhdudlaşdırılıb.

Ali nümayəndə Rusiyadakı repressiyaların sistematik şəkildə güclənməsinə, xüsusilə də müxalifət lideri Aleksey Navalnının cəza çəkdiyi həbsxanada ölümünə diqqət çəkib. Bəyanatda həmçinin vurğulanıb ki, Avropa İttifaqı Ukraynanın ilhaq olunmuş bölgələrində keçirilən seçkinin nəticələrini tanımır.

“Bu ərazilərdə qondarma seçkilər Rusiya tərəfindən beynəlxalq hüququn, həmçinin BMT Nizamnaməsinin, habelə Ukraynanın müstəqilliyinin pozulması, həm də işğala məruz qalan Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün kobudcasına növbəti dəfə açıq şəkildə pozulmasıdır”,- deyə Borrell vurğulayıb.

Xatırladaq ki, prezident Putinə qarşı çıxanlar, Rusiya müxalifətinin nümayəndələri hələ seçkilərdən çox öncə Avropa İttifaqını Rusiyada keçiriləcək prezident seçkilərinin nəticələrini tanımamağa, bundan rəsmən imtina etməyə çağırmışdılar. Xüsusilə də müxalifətçinin xanımı Yuliya Navalnaya belə bir bəyanatla çıxış etmişdi.

Amma bununla bağlı hələ də fikir ayrılıqlarının olduğu deyilir. Avropada belə bəzi siyasətçilər Rusiyada keçirilmiş prezident seçkisinin nəticələrinin tanımamağın daha düzgün mövqe olduğunu bildirsələr də, Borrellin mövqeyi çoxlarına aydın deyil.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}