Hillari Klinton vasitəçi kimi: məşhur məhbuslarla bağlı gizli danışıqlar aşkara çıxır
Tarix: 04-04-2024 00:56 | Bölmə: Slayd
Hillari Klinton vasitəçi kimi: məşhur məhbuslarla bağlı gizli danışıqlar aşkara çıxır
Hillari Klinton

Son vaxtlar mətbuatda 2009-2013-cü illər ərzində Birləşmiş Ştatların dövlət katibi olmuş, 2016-cı ildə Demokrat Partiyasının prezidentliyə namizəd kimi dəstəklədiyi Hillari Klintonun daha bir missiyası barədə, girov (məhbus) dəyişmələri üçün aparılan danışıqlarda iştirakından yazılır. Amerika mətbuatı bu mövzudan bəhs edərkən öncə 2024-cü ilin 16 fevralında Rusiyada siyasi baxışlarına görə cəzaçəkmə müəssisəsində vəfat edən Rusiyanın siyasi-ictimai xadimi Aleksey Navalnını xatırladır.

Reyting.az
-ın məlumatına görə, rusiyalı siyasətçinin ölümündən təxminən on gün ötər-ötməz ictimaiyyətə və media cameəsinə maraqlı bir siyasi informasiya, sonradan isə öz təsdiqini tapan məlumat sızıb ki, hələ sağlığında ölkəsində məhkum həyatı yaşayan müxalif siyasətçi Aleksey Navalnının Rusiya casusu ilə dəyişdirilməsinə cəhdlər olub. Bu prosesin uğurlu alınması üçün Hillari Klinton danışıqlarda vasitəçilik edən şəxs kimi Ağ evə dəvət edilib.

Hillari Klintonun vasitəçiliyi

Xanım Klintona bu ərəfədə tövsiyə edilib ki, daha sonra həllini tapmayan Evan Gerşkoviç işinə də göz gəzdirsin.

Xatırladaq ki, ABŞ vətəndaşı, "Wall Street Journal"-ının müxbiri Evan Gerşkoviçi 2023-cü ilin yazında Rusiya ərazisində saxlayaraq onu casus fəaliyyətində ittiham ediblər. Jurnalistin saxlanıldığı və təhlükəli şəxs kimi girov götürüldüyünə işarə vuran Rusiya güzəştlər qarşılığında ABŞ-nin məxfi danışıqlara can atacağını təxmin edib. Bu arada isə, ehtimallara görə, Kreml Berlində ömürlük həbs cəzası çəkən Vadim Krasikovun nəhayət ki, Moskvaya dönəcəyinə, Amerikanın təzyiqi altında Almaniya hökumətinin rus qatilin azad ediləcəyinə ümidlər bəsləyib. Lakin bu məsələ reallaşmayıb, V. Krasikovun dəyişdirilmə məsələsi qapadılıb.


Evan Gerşkoviç

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden jurnalist Gerşkoviçin həbsindən danışanda onun azadlığa çıxacağına vəd vermişdi. Lakin sonrakı aylarda jurnalistlə bağlı cəhdlər, Amerika qəzetlərinin yazdığı kimi, güclü iradə sahibi olan “gözlənilməz iştirakçı” – zamanında Amerika Birləşmiş Ştatlarının dövlət katibi vəzifəsini tutmuş Hillari Klinton bu prosesə qoşulana qədər danışıqlarda demək olar ki, heç bir irəliləyiş olmamışdı.

WSJ xəbər agentliyi və "The Wall Street Journal" nəşrinin istinad etdikləri Ağ evdəki etibarlı mənbələrin fikrincə, son vaxtlar bu sayaq maraqlı xəbərlərin bilərəkdən və yaxud siyasi məqsədlər naminə Amerikanın ünlü medialarına ötürulməsindən və üstəlik, səhih olunduğu sonralar təsdiqini tapan məlumatların paylaşımından az keçməmiş ABŞ rəsmiləri A. Navalnını xilas etmək üçün H. Klintona müraciət etdiklərini açıqlayiblar.

Ağ ev, Navalnı və amerikalı müstəntiq

Ağ ev rəsmilərinin açıqlamasından məlum olur ki, belə bir təklifə cəhd olub və bütün bunların yeganə məqsədi məhz rusiyalı müxalifət lideri Navalnının xilası naminə edilib. Navalnının taleyindən narahatlıq keçirən siyasi dairələr qərar qəbul ediblər ki, ABŞ-nin nüfuzlu siyasi ledisi H. Klintondan A. Navalnı işi ilə bağlı dəstək istənilsin. Ağ ev bu məsələdə çox ehtiyatla davranmaq istəyib. Məqsəd isə bir olub: Navalnı ölmədən onun taleyi ilə bağlı tam məxfi sövdələşməyə daxil ediləcək Klinton Ağ evə lobbiçilik etməli, rusiyalı siyasi lider azad olunmalıdır.

WSJ yazır ki, həqiqətən digər səbəbdən və başqa məqsədlər üçün Klinton Ağ evə dəvət edilməyib. Məhz elə bu səbəbdən də xahişlə xanım Klintona müraciət ediblər. Bu təklifi verən isə amerikalı müstəntiq Xristo Qrozev olub. Hillari Klinton görüşdən sonra müstəntiqin təklifini qəbul edib.

Bu razılığın digər səbəbi keçmiş dövlət katibini maraqlandıran mövzu olub, çünki mövzu rusiyalı müxalifət lideri Navalnını Rusiya prezidenti Putinin sevimlisi Krasikovla dəyişmək məsələsi idi. Klinton isə düşünürdü ki, Navalnının azadlığı, siyasi mübarizəsinə imkan verəcək sağlığı Berlin şəhərində məhkumluq həyatı yaşayan bir rusiyalı casusun, qatilin azadlığa buraxılmasından çox əhəmiyyətlidir.

Gizli danışıqlar, media və Yuliyanın müraciəti

Elə həmin ərəfədə Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da qeyri-rəsmi olaraq Almaniya rəsmilərinə müraciət edib. Lakin siyasətçi xanımının bu təklif birmənalı qarşılanmayıb. Mübahisəyə səbəb olan bu məsələ ilə bağlı müzakirələr aparılıb. Bütün bunlar Almaniya hökuməti daxilində Navalnı və Krasikov işi ilə bağlı fikirlərin haçalanması ilə nəticələnib. Bu təklifi Almaniyanın xarici işlər naziri qəzəblə qarşılayıb. O, Krasikovun iştirakı ilə istənilən sövdələşməyə qarşı çıxdığını bəyan edib.

Putin kimin azad olunmasını istəyib?

Bu arada Putin əsas mövzudan yayınaraq Navalnının məsələsini unutdurmaq üçün növbəti fəndə əl atıb və Rusiya prezidenti Gerşkoviçin dəyişdirilməsi təklifinə açıq olduğuna qətiyyətlə işarə edib.


Vladimir Putin

Tezliklə prosesə başqa bir iştirakçı qoşulur - "Fox News" kanalının keçmiş aparıcısı Taker Karlson. Karlson da səfərdə idi. O, 2024-cü ilin fevral ayının əvvəlində Putindən müsahibə götürmək üçün Moskvaya gəlmişdi.

WSJ xronoloji ardıcıllıqla hadisələri aydınlaşdırmaq məqsədilə araşdırma aparır və hansı məqamlarda H. Klintonun geriyə, yaxud da qaranlığa çəkildiyini öyrənmək istəyir. Nəşr yazır: "Nələrsə baş verirdi və yaxud vermişdi, çünki bundan öncə Taker Karlson Rusiya Federasiyası Prezidentinin köməkçilərinin Gerşkoviçin "burada və indi" azad edilməsi üçün Putinə "təzyiq" etməyi planlaşdırdığını söyləmişdi.


Taker Karlson

O vaxt Karlson demişdi ki, Putinə yaxın bir Kreml məmuru bunun əla təklif olduğunu və anlaşmalara şərait üçün “müsbət reaksiyaya səbəb ola biləcək böyük ideya” kimi qiymətləndirib.

Almaniya-ABŞ danışıqları

Fevralın 9-da Almaniya kansleri Olaf Şolts Vaşinqtonda Co Baydenlə görüş zamanı bu məsələni geniş müzakirə edib və hər iki ölkənin hökumətləri Krasikovun Navalnıya dəyişdirilməsi ideyasının müzakirəsinin yaxın gələcəkdə mümkünlüyü barədə razılığa gəliblər.


Olaf Şolts - Co Bayden

WSJ müzakirələrin ötəri, formal xarakter daşıdığını iddia edərək daha bir məqama toxunur. Qeyd olunur ki, ilk baxışdan bu sövdələşməyə qarşı çıxmasa da, Ağ ev o zaman Kreml qarşısında rəsmi təkliflə çıxış etməyib. Bunu Rusiya dövlət başçısı da təsdiqləyir. Putinin sözlərinə görə, o, müəyyən müddət ərzində yalnız qeyri-rəsmi vasitəçi ismarışı alıb.

ABŞ uğursuz tərəf kimi görünmək istəməyib

Bu ehtimalların həqiqət olduğunu az sonra "News" nəşri də təsdiqləyib. Sövdələşmələr haqqında ilk dəfə açıq danışan şəxslərdən biri Mariya Pevçix olub. Pevçix Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Fondunun (BKQMF) sədri kimi 2024-cü ilin fevral ayının 26-sı, yəni rusiyalı siyasətçinin ölümündən on gün ötəndən sonra A. Navalnının rusiyalı casus V. Krasikovla dəyişdirmək planının olduğunu söyləyib. Onun sözlərinə görə, bunu tələsik açıqlama hesab edənlər də var, ancaq belə bir mövzu artıq gizli qala bilməzdi. Amma ictimai xadim kimi Mariya Pevçix özünü sığortalamağı bacarıb. BKQMF sədri bu mövzu ilə bağlı müfəssəl danışmayıb, həm də vasitəçilərlə bağlı konkret ad çəkmədən məlumat verib.


Aleksey Navalnı-Yuliya Navalnaya

M. Pevçixin dediklərinə görə, o, sonuncu dəfə fevralın 15-də axşam danışıqların artıq yekunlaşdığını və demək olar ki, “son mərhələdə” olduğu haqqında məlumat alıb. Nəşr isə xüsusi olaraq qeyd edir ki, Mariya Pevçixin söylədikləri yalan olmasa da, danışıqların içində Hillari Klinton olduğu halda Aleksey Navalnının dəyişdirilməsi təklifini Vladimir Putinə çatdıran vasitəçi biznesmen Roman Abramoviç olub. Belə görünür ki, Pevçixin bu barədə geniş məlumatı olmayıb. Beləcə, A. Navalnının dəyişdirilmə planının bir sıra Qərb mətbuatı və Amerika mediası tərəfindən təsdiqlənməsi nəticəsində bunu danmağın mənasız olduğunu anlayan ABŞ yetkililəri danışıqlarda uduzan və yaxud da aldadılan tərəf kimi görünmək cəhdlərinin boş olduğunu başa düşüblər. Bu məxfi planın gizli qalması üçün Ağ ev yetkililəri müxtəlif vasitələrə əl atsalar da, onlar çox şeyi əldə edə bilmədiklərini görüb təslim olmaq məcburiyyətində qalıblar. Bu, ABŞ üçün həm də ağır zərbə hesab edilirdi. Belə məlum olur ki, müəmmalı şəkildə ölən siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın Almaniya hökumətinə, Amerika Birləşmiş Ştatlarının rəsmilərinə və siyasi elitasına dəfələrlə etdiyi müraciətlər əslində qulaqardına vurulub. Hətta bəzi ehtimallara görə, Y. Navalnayanın inadlı istəyi, tələbi avropalı, amerikalı siyasətçiləri qıcıqlandırıb.


Mariya Pevçix

"Washington Post" qəzeti Yuliya Navalnayanın Rusiyadan, Putindən və siyasətçi ərinin ölümündən bəhs edən məqaləsini dərc etdikdən sonra nəşrdə öz imzası ilə tanınan aparıcı müxbirlərdən biri bu yazı haqqında təəccüblə qarşılanan bir şərh paylaşaraq Navalnayaya müraciətlə belə yazmışdı: "Aleksey Navalnı tək Putinin, Rusiyanın yox, həmçinin böyük güclərin qurbanıdır".

A. Navalnı məsələsində medianın önündən qaçmağın zəif, uduzan obraz kimi görünəcəyindən çəkinən ABŞ məhz buna görə gizlinlərin üzə çıxmasına mane olmayıb.

Putin Navalnıdan danışıb

Beləliklə, rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümündən bir ay ötür və daha sonra Rusiyada keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı keçirilmiş ilk mətbuat konfransında çıxış edən prezident Vladimir Putin nəhayət ki, Rusiya müxalifət liderinin adını ucadan söyləyərək bir etiraf edir. Putin deyir ki, fevral ayının 16-dan təxminən bir neçə gün əvvəl Kreml administrasiyasının əməkdaşları yox, amma "bəzi həmkarlar” Navalnı ilə bağl mübadilə ideyası haqqında danışıblar. Bununla bağlı Vladimir Putin deyib: “Mənimlə danışanda həmin şəxs hələ cümləsini bitirməmiş mən "razıyam",- dedim. Amma təəssüf ki, bütün bunlar baş verdi. Mən isə yalnız bir şərtlə razılaşdım: onu dəyişdirək və qayıtmasın - qoy o orada otursun. Yaxşı, olar - demişdim, ancaq bununla bağlı heç nə etmək olmaz. Həyat belədir”.

WSJ yazır ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin Ağ evə gəlişi ilə Rusiyada mübadilə üçün yeni bir tələb yaranıb: casusluq üçün casus - sonra da mümkün mübadilə!

Nəşr bildirir ki, hazırda ABŞ-da casusluqda mühakimə olunan rusiyalılar yoxdur. Ancaq Putin daha çox Amerikadan umur, Rusiya prezidentini isə Almaniyada məhkum edilmiş qatil, "Vimpel"-in xüsusi təyinatlı zabiti olmuş, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı və Gürcüstan vətəndaşını sifarişlə, qəsdən öldürdüyünə görə təqsirli bilinib ömürlük həbs cəzasına məhkum edilmiş Rusiya vətəndaşı Vadim Krasikov maraqlandırır. Bu xüsusi marağın səbəbi söz yox ki, keçmiş dövlət katibi Klintona da bəlli idi. Çünki Rusiyanın məxfi xidmət əməkdaşları arasında və Kreml dəhlizlərində belə bir şayiə gəzirdi ki, V. Putin üçün casus V. Krasikov qəhrəmandır. Bəzi söz-söhbətlərə görə, Rusiya dövlət başçısı hətta and içib ki, nə yollarla olursa-olsun, o, öz həmyerlisini qürbət həbsxanasında ölməyə qoymayacaq və Krasikovu Almaniya zindanından azad edəcək.

Klintona barəsində söz açılan Krasikov kimdir?

Nüfuzlu Amerika nəşrlərinin bir neçə həftə ərzində yazdıqlarından məlum olur ki, 2024-cü ilin fevral ayının 26-da Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri M. Pevçix ictimaiyyət qarşısında çıxış edib. Pevçix onda olan informasiyaya əsasən bildirib ki, A. Navalnını Almaniyada qətldə təqsirli bilinən Rusiya Təhlükəsizlik Xidmətinin zabiti V. Krasikovla dəyişdirməyi planlaşdırırlar. Qısası, Vadim Krasikovun kim olduğunu xatırladan Mariya Pevçix 2019-cu ildə bu şəxsin Rusiyanın sifarişi ilə qətl törətdiyini və Berlində keçmiş çeçen səhra komandiri Zəlimxan Xanqoşvilini güllələdiyini deyib.


Zəlimxan Xanqoşvili

ABŞ mediası, ümumiyyətlə, bu mövzunu araşdıranlar, bu məsələdən daha çox danışanlar bir məqamı da vurğulayırlar ki, məhkumluq yaşayan V. Krasikovun tərcümeyi-halı haqqında demək olar, çox az şey məlumdur. Jurnalistlər onu FTX-nin xüsusi təyinatlı “Vimpel” bölməsindəki fəaliyyətini araşdırarkən məlum olub ki, rusiyalı casusun müəmmalı, indiyədək motivləri və detalları tam açılmamış daha iki qətldə də əli var.

Sokolov yoxsa Krasikov?

Oxuculara bir daha xatırladaq ki, 2019-cu ilin 23 avqustunda Berlinin mərkəzindəki bir parkda keçmiş çeçen səhra komandiri, Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvili öldürülmüşdü. Cinayətkar öz qurbanına velosipedlə yaxınlaşmış və gəzintiyə çıxan Xanqoşviliyə qəfil atəş açmışdı. Baş verən qətldən az ötməmiş polis qətldə şübhəli V. Krasikovu hadisə yerinin yaxınlığında yaxalayıb. Yoxlama zamanı onun üzərindən saxta hazırlanmış, Vadim Sokolov ad-soyadına məxsus olan şəxsiyyət vəsiqəsi, eləcə də digər sənədlər tapılıb.

Böyük səs-küy doğuran və Berlin şəhərinin mərkəzindəki parkların birində baş vermiş qətl hadisəsi tezliklə Almaniya mediasının da diqqətini cəlb edir. Medianın araşdırmaları sayəsində bəzi ilginc faktlar ortaya çıxır. Almaniyanın çoxtirajlı və nüfuzlu nəşrləri sayılan "Bellingcat", "The Insider", "Der Spiegel"-in bununla bağlı sonradan tapdığı izlər və apardıqları birgə araşdırmalar zamanı məlum olur ki, bu onun bir neçə uydurma adından biridir və Rusiya kəşfiyyatının zabit olmuş şübhəli şəxs əslində Vadim Krasikovdur.

Məlumdur ki, 2021-ci ilin dekabr ayında bu işlə bağlı Berlin məhkəməsi hökm verib və Krasikov Xanqoşvilinin qətlində təqsirli bilinib. Rus casusun yalan ifadələri, apellyasiya şikayəti də ona kömək etməyib. Beləliklə, V. Krasikova törətdiyi cinayətə görə Almaniyada ömürlük həbs cəzası verilir. Məhkəmə onu da müəyyən edib ki, Krasikov Xanqoşvilini öldürmək üçün sifarişi Rusiyadan - dövlət qurumlarından alıb.

Alman istintaqı və məhkəmə ittiham edilən V. Krasikovu FTX xüsusi təyinatlılarının “Vimpel” yüksək rütbəli zabiti adlandırıb.

"Bellingcat", "The Insider" və "Der Spiegel" tərəfindən aparılan araşdırmalarda da qatil Krasikovun FTX ilə əlaqəsindən bəhs edilib.


Vadim Krasikov

Almaniyada həbsdə olan rusiyalı casus V. Krasikov 1965-ci il avqustun 10-da Qazaxıstan Respublikasının vilayəti hesab olunan Türküstanda, Kenestobe kəndində anadan olub. 1980-ci illərdə Krasikov ailəsi Buryatiyaya köçüb. V. Krasikov ailə qurduqdan sonra həyat yoldaşı və iki uşağı ilə İrkutskda yaşayıb. V. Krasikov 2009-cu ildən paytaxt ətrafında ömür sürüb. O, Moskva vilayətində qeydiyyatda olub.

A. Navalnının Almaniyada cəza çəkən V. Krasikovla və yaxud da Krasikovun Rusiyada həbs edilən amerikalı jurnalistlə, yəni E. Qerşkoviçlə dəyişdirilməsi təklifi əvvəlcə Ağ evə keçmiş dövlət katibi Hillari Klintonun təklifi ilə gəldiyi haqqında da söz-söhbətlər gəzir. Digər bir ehtimala görə, bütün təkliflərin əsas müəllifi xanım Klintondur. Klinton Ağ evə gəlib, daha sonra müstəntiq Qrozev Navalnı ilə bağlı sövdələşmə işində ondan kömək istəyib və planı yeniləyiblər. Y. Navalnaya isə öz növbəsində həmin vaxt qeyri-rəsmi olaraq Berlinə müraciətlər etdiyindən fikirlər haçalanıb və belə olan təqdirdə Almaniya məsələnin həllinə inad göstərib, çünki Almaniya hökumətində heç də hamı Krasikovun azadlığa buraxılmasını dəstəkləməyib.

Baydenlə Şolts Navalnıdan danışıblar?


Şoltsla Baydenin görüşündən sonra - 2024-cü ilin fevral ayının əvvəlində Ağ ev o zaman Kremlə rəsmi təklif göndərmədən bu işi həll etmək istəyib. Yenə vasitəçilərin köməyi ilə Putinə Navalnı barədə müzakirə predmeti ola biləcək informasiya ötürülub, amma cavab verilməyib. 2024-cü ildə, fevral ayının 16-da isə Rusiya Federal Penitensiar Xidməti A. Navalnının həbsxanada öldüyünü elan edib.

"The Wall Street Journal" -ın jurnalistləri bu ərəfədə evlərinə qayıdan onlarla amerikalı ilə danışıblar. Qəzetin yazdığına görə, Putin hakimiyyəti dönəmində Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında əsir mübadiləsi barədə danışıqlar artıq başlayıb.

Oqtay QORÇU
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}