18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Kosmik Stansiyada tapılan təhlükəli bakteriyalar insanlar üçün əhəmiyyətli ola bilər
Tarix: 26-04-2024 12:29 | Bölmə: Slayd
Kosmik Stansiyada tapılan təhlükəli bakteriyalar insanlar üçün əhəmiyyətli ola bilər

Beynəlxalq Kosmik Stansiyada dərmana davamlı və mutasiyaya uğramış bakteriyaların peyda olması faktı məxfilikdən çıxarılaraq təsdiqlənib.

Reyting.az
xəbər verir ki, faktı NASA təsdiqləyib.

NASA bildirir ki, Beynəlxalq Kosmik Stansiyanın ərazisində mutasiyaya uğramış və Yer üzündə mövcud analoqlarından çox fərqli dərmanlara qarşı müqavimət göstərən bakteriyalar var.

NASA-nın saytında qeyd edilir ki, Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindəki mutasiyaya uğramış bakteriyalar Yer üzündəki analoqlarından fərqlənir və onlar çox böyük təhlükə mənbəyi ola bilər.

NASA nəzdində elmi fəaliyyəti ilə tanınan Reaktiv Sürüşmə Laboratoriyasının baş müstəntiqi Dr. Kasturi Venkatesvaranın dediyinə görə, o, Yer kürəsində dərmana müqaviməti ilə tanınan bakteriya növünü -"E. bugandensis"-in 13 ştammını geniş tədqiq edib. Araşdırmaların nəticələri ilə bağlı hətta elmi məqalə də dərc olunub. Tədqiqatçının fikri NASA nəticələri ilə üst-üstə düşür.

Elə buna görə də NASA yenicə paylaşdığı bir məlumatda bildirir ki, sözügedən bu ştammlar bir müddətdir kosmosda yuva salıb. Bu təhlükəli, həm də dərmana dözümlü bakteriyaların artıq Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində təcrid olunması barədə məlumatlar da var.

Bakteriyalar Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olduğu müddət ərzində həmin ştammlar "qoşunu" mutasiyaya uğrayaraq genetik, həmçinin də funksional olaraq Yer kürəsindəki analoqlarından çox uzaqlaşıblar.

Kosmik agentliyin məlumatına görə, həmin bakteriya ştammları müxtəlif digər mikroorqanizmlərlə təcrid olunmuş vəziyyətdə yaşaya, bəzi hallarda isə potensial olaraq başqa orqanizmlərin sağ qalmasına kömək edə bilər.

Beynəlxalq Kosmik Stansiyanın (BKS) özəlliyi onun özünəməxsus rejimdə işləməsi, həm də müəyyən funksiyaları daşımasıdır. Elə isə belə bir sual meydana çıxır: BKS Yer kürəsindən nə ilə fərqlənir?

Bütün sualları cavablandırmağa hər vaxt hazır olduğunu açıqlayan NASA izah edir ki, BKS-də olan hər kəs mikroqravitasiya, radiasiya və yüksək karbon qazına məruz qalır. Belə bir mühit isə durmadan çalışan tədqiqatçılara ekstremal, həm də unikal şəraitdə bakteriyaları araşdırmaq imkanı verir.

NASA tədqiqatçıları daha bir məqamı da qeyd edirlər: kosmosda peyda olan və mutasiyaya uğrayan bu bakteriya müalicəvi əhəmiyyətli də ola bilər.

Həmin mühitə gətirilən hər hansı mikroorqanizmlər mütləq sağ qalmaqdan ötrü uyğunlaşmalı olacaqlar.

Sağ qalmaq uğrunda mübarizə aparacaq bu bakteriyaları araşdırmaq imkanı əldə edən tədqiqatçılar ümid edirlər ki, onların araşdırması bir çox effektiv müalicələrə səbəb olacaq, eləcə də bəzi dəyərli ideya və fikirləri inkişaf etdirəcək.

Oqtay QORÇU
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}