13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İranda seçkilər: 80 namizədin taleyini 97 yaşlı bir şəxs müəyyənləşdirəcək!
Tarix: 04-06-2024 12:07 | Bölmə: Slayd
İranda seçkilər: 80 namizədin taleyini 97 yaşlı bir şəxs müəyyənləşdirəcək!

İranda prezidentliyə namizədlik üçün sənəd qəbulu mərhələsi başa çatıb.

Reyting.az
bu mövzu ilə bağlı iranşünas-yazar Əziz Rzazadəyə müraciət edib.

Onun sözlərinə görə, Seçki Qərargahında 278 iddialıdan 80 nəfərin sənədləri qəbul olunub.

“Təxmini olaraq, namizədlərdən 50-si indiki və keçmiş deputat, 5-i mərhum İbrahim Rəisi, 4-ü sabiq prezident Həsən Ruhaninin kabinə üzvüdür.

Növbəti mərhələdə, yəni 4-11 iyun aralığında Nəzarətçilər Şurasında namizədlərin müraciətləri nəzərdən keçiriləcək.

Mənşə coğrafiyasına görə, namizədlər İranın demək olar ki, bütün ərazisini əhatə edib, lakin İran Kürdüstanı başda olmaqla, bəzi vilayətlərdən bircə namizəd belə yoxdur”.

Ə. Rzazadə əlavə edib: “Bütün gözləntilərin əksinə olaraq, prezidentlik yarışına qatılmayan əsas fiqur Birinci vitse-prezident və müvəqqəti hökumət başçısı vəzifəsini icra edən Məhəmməd Müxbirdir. Onunla müqayisədə parlament spikeri Məhəmməd Baqir Qalibaf son gündə namizədliyini irəli sürüb.

Xatırladım ki, bir neçə gün əvvəl Qalibaf 198 səslə yenidən parlament spikeri seçilib.

Hər iki şəxsin prezident seçkilərində iştirakına hüquqşünasların bir-birinə zidd rəyi var. Onlar fövqəladə hallarda seçkilərin keçirilməsi üçün cavabdeh olan Şuranın üzvüdür.

İran Konstitusiyasının 131-ci maddəsində bu barədə deyilir: “Prezident vəfat etdikdə, vəzifədən kənarlaşdırıldıqda, istefaya getdikdə, 2 aydan artıq müddətdə iştirak etmədikdə və ya xəstələndikdə, yaxud prezidentlik müddəti başa çatdıqda və yeni prezident maneələr üzündən hələ seçilmədikdə və ya digər bu kimi hallarda Birinci vitse-prezident rəhbərliyin təsdiqi ilə səlahiyyət və vəzifələrini öz üzərinə götürür və parlamentin spikeri, məhkəmə-ədliyyə orqanının rəhbəri və Birinci vitse-prezidentdən ibarət şura öz səlahiyyətləri daxilində yeni prezidentin seçilməsi üçün maksimum əlli gün müddətində tədbirlər görməyə borcludur. Birinci müavin vəfat etdikdə və ya onun səlahiyyətlərini yerinə yetirməsinə mane olan digər məsələlər, habelə prezidentin birinci müavini olmadıqda, onun yerinə başqa şəxs təyin edilir”.

Bundan başqa, “Prezident seçkiləri haqqında” Qanunun 37-ci maddəsində (əlavə 1995-ci ildə edilib) qeyd olunur:

Prezident seçkiləri ilə bağlı icra və ya nəzarət formasında birbaşa məsuliyyət daşıyan bütün şəxslər qeydiyyatdan əvvəl tutduqları vəzifədən istefa verdikdə və həmin vəzifədə işləmirlərsə, könüllü olaraq seçkidə iştirak edə bilərlər”.


Əziz Rzazadə

İran ictimai fikri, xüsusilə, media əvvəldən Məhəmməd Müxbirə qənim kəsildi. Məsələn, “Rouydad24 saytı” “Hambal olmaq istəyən adam/Niyə görə prezidentlik kürsüsü Məhəmməd Müxbir "Peşizi" üçün dəyərsizdir?" başlıqlı təhlillə İranda prezident vəzifəsini müvəqqəti icra edən Birinci vitse-prezidenti yıxıb-sürüyüb. Hətta başlıqda ona təhqiramiz “peşizi” (fars dilindən tərcümədə “xırda-xuruş”, “qəpik-quruş”, “qar pul” və s. mənalar verir) ayaması yapışdırıb:

“Cənab Müxbirin siyasi həyatına nəzər yetirin. Onun siyasi həyatının böyük hissəsi bürokratiyada keçib. Xalqın səsindən asılı olan hər hansı bir vəzifəsi və ya mövqeyindən xəbərimiz yoxdur. Siyasi və partiya təşkilatlarında olması barədə də. İnqilabçı partizan dəstəsinə üzvlük müddəti istisna olmaqla.

Cənab Müxbir xüsusi şərtlər altında hakimiyyət nərdivanını qalxmış məmurdur. Onun bu “hamballıq”dan razı qalması təbiidir və "Peşizi"nin seçki yarışlarında iştirak etməsinə dəyməz. O, seçici səsi qazanmadan, media qarşısında hesabat vermədən, nüfuzunu müdafiə etmədən ölkədə ən yüksək icraçı vəzifəsinə gəlib-çıxıb...”

Sözün düzü, matəm həftəsinin ilk günlərində Məhəmməd Müxbirin bir sıra mühüm tədbirlərdə görünməsi, xüsusən, HƏMAS lideri İsmayıl Haniyənin Ayətullah Xamnəinin qəbulunda olarkən iştirakı və birgə fotoda əks olunması (son dəfə Bəşər Əsədlə görüşdə) bir çox müşahidəçidə, o cümlədən məndə Birinci vitse-prezidentin İbrahim Rəisinin siyasi xələfi ola biləcəyi təəssüratı yaratmışdı. Lakin sonrakı günlərdə Müxbirin parlament və media qarşısında çıxışları onun çiy siyasətçi olduğunu üzə çıxardı...”.

"Kral" lütmüş!”

Budəfəki prezident marafonunun favoritləri kimlərdir?

İranşünas-yazar bəzi adları sadalayıb:

“Bir neçə seçkidə iştirakçı olmuş Məhəmməd Baqir Qalibaf, Səid Cəlili, Seyid Vəhid Həqqanian, Əli Laricani, Mahmud Əhmədinejad... Amma indi onlardan kim seçkiyə buraxılacaq?

Əsas sözü Nəzarətçilər Şurasının 97 yaşlı sədri Ayətullah Cənnəti deyəcək!”

Y. QACAR




Bölməyə aid digər xəbərlər