13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Azərbaycanda kriminogen durumu gərginləşdirməyə çalışırlar
Tarix: 27-06-2024 17:56 | Bölmə: Slayd
Azərbaycanda kriminogen durumu gərginləşdirməyə çalışırlar

Azərbaycan polisinin hər dövrdə xüsusi fərqlənməsi, öz canını vətəndaşın və dövlətin təhlükəsizliyi naminə sipər etməsi yeni hadisə deyil. Ölkəmizin hüquq-mühafizə orqanlarının tarixində kifayət qədər belə nümunələrə rast gəlmək mümkündür. Polis cinayətkarlıqla mübarizə aparmaqla yanaşı, əsas vəzifəsindən biri -vətəndaşların təhlükəsizliyini təmin edir və lazım gəldikdə bu yolda özünü qurban verir.

Reyting.az
xatırladır ki, iyunun 24-də Xəzər rayonu Şüvəlan qəsəbəsində xidməti vəzifəsini yerinə yetirərəkən xaincəsinə qətlə yetirilən üç polis əməkdaşı bir daha vətəndaşların təhlükəsizliyini öz həyatları bahasına qoruyub, Daxili İşlər Orqanlarının tarixinə adlarını qızıl hərflərlə yazdırıblar.

Qeyd edək ki, həmin tarixdə dəfələrlə məhkum edilən və axtarışda olan cinayətkar Rövşən Allahverdiyevi saxlamaq istəyən polis əməkdaşları cinayətkarın doğma anasından sipər kimi istifadə etdiyini görüb və vəziyyəti yüngülləşdirmək, digər mülki şəxslərin ziyan görməsinin qarşısını almaq üçün müəyyən addımlar atıblar. Polisin vətəndaşın (cinayətkarın anasının) təhlükəsizliyini təmin etmək istəyini görən Rövşən Allahverdiyev bundan namərdcəsinə istifadə edib, əlində olan “Lancaster” markalı silahla polis əməkdaşlarını qətlə yetirib. Başqa sözlə, polis əməkdaşları mülki şəxslərin təhlükəsizliyi naminə canından keçərək şəhidlik zirvəsinə yüksəliblər. Bu, həm də polisin cinayətkarlıqla mübarizədə sona qədər iradə nümayiş etdirdiyini, ölkəmizin cinayətkarların meydanına çevrilməsinə imkan verilməyəcəyinə mesajıdır.



Hər il hüquq-mühafizə orqanlarının onlarla əməkdaşı vətəndaşların xəbəri olmadan, onların təhlükəsizliyi naminə həyatlarını itirirlər. Ola bilsin, biz bu qəhramanların çoxunu tanımırıq, amma əmin-əmanlıq şəraitində yaşamağımızda onların da böyük əməyi var.

Təəssüflər olsun ki, son hadisə zamanı şəhid olan üç polis əməkdaşı barəsində əsassız fikirlər səslənir, iddialar irəli sürülür, cəmiyyətdə çaşqınlıq yaratmaq və bu yolla polisin nüfuzuna zərbə vurmaq kimi nalayiq fəaliyyət hiss olunur. Azərbaycan dövlətinə yad olan bir sıra ünsürlər belə yolla xaricdəki ağalarına “xidmət” göstərirlər. Azərbaycandakı sabitlik isə onları çox da maraqlandırmır. Odur ki, öz canları və qanları ilə nizam-intizamın pozulmasına imkan verməyən və dövlətin əsas zirehi rolunda çıxış edən Daxili İşlər Orqanlarının gözdən salınmasına cəhd ən kəskin formada pislənməli və xalqımız tərəfindən rədd edilməlidir.

Dövlət və hüquq nəzəriyyəsindən azca anlayışı olanlara aydındır ki, polisin gözdən və nüfuzdan salınması hansı xain və anti-milli amala xidmət edir. Polisin zəif, yüksək səviyyədə xidmət qura bilmədiyi ölkələrdə və toplumlarda nələrin baş verdiyi, bu durumların hansı nəticələrə səbəb olduğunu biz bir sıra ölkələrin təcrübəsində görmüşük. Odur ki, Azərbaycan dövlətinin güclü olması, məmləkətimizdə cinayətkarlığın inkişaf etməməsi baxımından polisin öz xidmətini yüksək səviyyədə qurması və cəmiyyətimizin buna dəstək olması böyük əhəmiyyət daşıyır.



Professor Cümşüd Nuriyev Reyting.az-a açıqlamasında deyib ki, polisin bilərəkdən gözdən salınması əxlaqsızlıqdır:

“Mən xaricdəki bəzi bloggerlərə baxdım və dəhşətə gəldim. Guya az qala hadisənin ssenarisini bunlar yazıb, hətta baş rolun ifaçılarını da bunlar hazırlayıblar. Çox axmaq yanaşma ortaya qoyurlar. Hər kəs bilməlidir ki, polis vəzifəsini yerinə yetirir, vətəndaşların və dövlətin daxili təhlükəsizliyini təmin edir. İndi elə bir gün yoxdur ki, DİN, DTX, Gömrük Xidməti narkotik maddələr ələ keçirməsin. Amma görünən odur ki, kimlərsə yaranmış vəziyyətdən sui-istifadə etməyə və ölkəmizdə kriminogen durumun gərginləşməsində maraqlıdır. Şəxsən mən belə halları pisləyirəm”.

Professor əlavə edib ki, Azərbaycan polisi şanlı bir yol keçib:

“Birinci Qarabağ müharibəsi zamanı bizim ordumuz yox idi, müharibənin ilk dövründə polislərimiz savaşır, torpaqlarımızı müdafiə edir və şəhid olurdular. Bu, həmin polisimizdir, balalarımızdır. Polis vəzifəsini şərəflə yerinə yetirir. Onlar hər an şəhid ola bilər, çünki bir dəqiqədən sonra nəyin baş verəcəyini heç kim bilmir. Odur ki, polisimiz öz xidmətini layiqincə və yüksək səviyyədə həyata keçirir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər