Azərbaycan-ABŞ birgə layihəsi böyük gələcəyə doğru inamlı addımdır - Bəyanat
Tarix: 11-08-2025 11:25 | Bölmə: Slayd
Azərbaycan-ABŞ birgə layihəsi böyük gələcəyə doğru inamlı addımdır

“Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar, Azərbaycan-Ermənistan normallaşma prosesi istiqamətində əldə edilən nəticələr böyük tarixi əhəmiyyətə malikdir. Artıq Cənubi Qafqazda, Ermənistanla Azərbaycan arasında sülh istiqamətində çox ciddi addım atılıb”.

Reyting.az
xəbər verir ki, bu sözlər Demokratik İslahatlar Partiyasının Azərbaycan prezidentinin ABŞ-a səfərinin nəticələri ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda deyilir ki, sabiq prezident Bayden dövründə zədələnmiş Azərbaycan-Amerika ikitərəfli münasibətləri bərpa olunub, prezident Donald Trampın imzaladığı sərəncamla Azərbaycana qarşı 33 il ərzində ədalətsiz şəkildə tətbiq olunan Azadlığı Dəstəkləmə Aktına edilən 907-ci düzəlişin tətbiqi dayandırılıb.

Partiya ümid edir ki, Ağ evdə paraflanan Saziş bölgəmizə dayanıqlı sülhün gəlməsinin əsas göstəricisidir: “Burada imzalanan sənədlər sayəsində gələcəkdə ölkəmiz və regionumuz yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) beynəlxalq əhəmiyyətli layihə olacaq. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması da birgə böyük gələcəyə doğru inamlı addımların başlanğıcıdır”.

Partiya hesab edir ki, Azərbaycan 44 günlük müharibədə və antiterror əməliyyatları nəticəsində əldə etdiyi hərbi qələbələrdən sonra mühüm diplomatik qələbəni də əldə edib:

“Ermənistan, Azərbaycan prezidentinin də qeyd etdiyi kimi, öz ev tapşırıqlarını yerinə yetirəndən - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını aradan qaldırandan sonra yekun sülh sazişi imzalanacaq”.

Bəyanatda daha sonra qeyd edilib:

“Biz Vaşinqtonda əldə edilən diplomatik qələbələr, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, Azərbaycan və Ermənistan liderləri, habelə şahid qismində ABŞ prezidenti tərəfindən Birgə Bəyannamənin imzalanması, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində əldə edilən böyük uğurlar münasibətilə başda ölkə başçısı cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını, eləcə də regionumuzda sülh, əmin-amanlıq, inkişaf istəyən hər kəsi ürəkdən təbrik edirik!”




Bölməyə aid digər xəbərlər
6-08-2025, 11:39 İran nə etmək istəyir?