Hərbi ekspert: Dünya növbəti müharibə ərəfəsindədir
Tarix: 29-09-2025 14:02 | Bölmə: Slayd
Hərbi ekspert: Dünya növbəti müharibə ərəfəsindədir

“Dünya yavaş-yavaş III Dünya müharibəsinə doğru irəliləyir. Sözsüz ki, belə bir risk yüksəkdir və artıq bu barədə danışmağa başlayıblar. Heç kim belə bir vəziyyəti arzu etməsə də, reallıqlar göstərir ki, bu, baş verə bilər”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə NATO sərhədlərinin Rusiya tərəfindən pozulması kontekstində mümkün Dünya müharibəsi riskinin olub-olmadığı barədə suala cavabında deyib.

Azad İsazadə qeyd edib ki, indi bir yanda çox güclü, amma iradəsi zəif olan Qərb, digər tərəfdə isə nisbətən zəif, lakin iradəsi güclü olan Rusiya, Çin, İran və Şimali Koreya dayanır.

Onun sözlərinə görə, əslində Çin kimi nəhəng dövlət nisbətən güclüdür, lakin iqtisadi potensialı səbəbindən müharibənin olmasında maraqlı deyil:

“Nəzərə almaq lazımdır ki, son anda Çin müdaxilə edərək belə bir müharibənin qarşısını ala bilər. Amma bilməliyik ki, dünyada məntiq hər zaman işləmir. Bəzən hadisələr sürətli və öz-özünə baş verir. Bu zaman onu dayandırmaq da mümkün olmur və iş-işdən keçir. Bu baxımından biz sanki növbəti nəhəng müharibə ərəfəsində gündə bir hadisənin şahidi oluruq. Bu, sözsüz ki, ciddi narahatlığa səbəb olmalıdır”.

İsazadənin fikrincə, Rusiya Ukraynaya hücum etmədən də, siyasi-hərbi təzyiq yolu ilə müəyyən xırda dividentlər əldə edə bilərdi: “Amma bununla razılaşmadılar və prezident Vladimir Putin Ukraynaya hücum əmri verdi. İndi bəzən Putin özü də daxil olmaqla, bir çoxları müharibəni dayandırmaq istəsə də, bu, mümkün olmur. Amma inanaq ki, Rusiya-Ukrayna müharibəsi digər ölkələrə sirayət etməyəcək. Əgər edəcəksə, bu, növbəti və daha böyük müharibəyə səbəb olacaq”.

Müsahibimiz sonda əlavə edib ki, hazırda Rusiyanın dron və təyyarələrinin NATO sərhədlərini pozduğu bildirilir. “ABŞ prezidenti, NATO baş katibi kimi aparıcı fiqurlar sərhədi pozan Rusiya hava vasitələrinin vurulacağını qeyd edirlər. Əlbəttə, bütün bunlar gərginlikdən başqa bir şey deyil”,- deyə İsazadə yekunlaşdırıb.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər