17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Deputatın adı korrupsiyada hallanır: 15 milyonluq maliyyə əməliyyatının araşdırılması tələb olunur
Tarix: 30-07-2020 09:58 | Bölmə: Slayd
Deputatın adı korrupsiyada hallanır: 15 milyonluq maliyyə əməliyyatının araşdırılması tələb olunur

Milli Məclisin deputatı Mahir Abbaszadənin rəhbəri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq 3 sifarişi öz şirkətinə - “AZ. İNŞAAT-M.V.” MMC-yə verməsi ilə bağlı yaranmış qalmaqal böyüyür.

İqtisadçı ekspert Natiq Cəfərli məsələyə münasibət bildirərkən deyib ki, bu, birbaşa korrupsiyadır və bu işdə cinayət tərkibi var:

“Bu hal ciddi şəkildə araşdırılmalıdır. Bu, hüquq-mühafizə orqanları, məhkəmələr tərəfindən korrupsiya faktlarının sübut olunması üçün əsaslar yaradır. Azərbaycanın “Tender və satınalmalar haqqında” Qanununa görə maraq toqquşması baş verəndə bu, cinayət tərkibli fakt kimi qeydə alınır”.

N. Cəfərli bildirib ki, belə halların olması aparılan araşdırmalar nəticəsində təsdiqlənərsə, iş məhkəməyə göndərilməlidir:

“Bu olmasa bir daha ölkədə ədalətin zədələndiyinin şahidi ola bilərik. Məhkəmə yolu ilə bu halın sübut olunması həmin şəxsə və onun ətrafında olanlara qarşı ciddi tədbirlərin görülməsinə gətirib çıxarmalı, Cinayət Məcəlləsi və hüququn diqtə etdiyi bütün formalarda onlara qarşı addımlar atılmalıdır ki, digərlərinə də dərs olsun. Bu yolla ayrılan vəsaitlərin qeyri-rasional xərclənməsi nəticəsində dəymiş ziyan ödənilməlidir”.

N. Cəfərlinin fikrincə, belə vəziyyətin yaranmasının əsas səbəbi cəzasızlıq mühitidir. Cəza olmayanda insanlar bu tip qanunsuz əməllərə əl atır.

Hüquqşünas Ələsgər Əhmədoğluya görə də bu əməldə korrupsiya ehtimalı var:

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun var. Bir qurumun rəhbəri öz yaratdığı quruma 15 milyon manatlıq tender veribsə, burada artıq mənafelərin toqquşması məsələsi var. Çünki həm verən, həm də alan tərəf eynidir. Bu da korrupsiya ehtimalı yaradır. Əlbəttə ki, korrupsiya qanunvericiliyinə görə bu hal yolverilməzdir. Belə tenderlərdə yaxın adamların, qohumların iştirakı da qadağan olunur”.

Hüquqşünas düşünür ki, burada səlahiyyətdən sui-istifadə halına yol verilib və nəzarətin olmaması həmin neqativ proseslərin baş verməsinə gətirib çıxarır:

“Bu baş veribsə, deməli, burada hansısa şəkildə bilavasitə səlahiyyətlərdən sui-istifadə halına yol verilib. Problem ondadır ki, belə proseslərə nəzarət yoxdur. Ona iki istiqamətdə, hüquqi və ictimai müstəvidə nəzarət olmalıdır. Amma ölkədə qeyri-hökumət təşkilatları və medianın nəzarət imkanları məhdudlaşdırılıb. Hüquqi nəzarətə gəldikdə isə istər Hesablama Palatası, istərsə də hüquq-mühafizə orqanları bu faktları mediada yayılan andan etibarən araşdırmalıdır. Çünki, Cinayət Prosesual Məcəlləsinə görə cinayət ehtimalı olan informasiya mətbuatda yayılırsa, bu, artıq prosesi araşdırmaq və cinayət işinə başlamaq üçün əsaslardan biridir. Amma bu nəzarət olmadığından vəzifəli şəxslər özlərini daha rahat hiss edir. Nəticə etibarı ilə yaranmış vəziyyət belə korrupsiya ehtimallarının baş verməsinə şərait yaradır”.(sfera.az)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}