Türkiyəni yeni müharibəyə sövq edirlər - Foto
Tarix: 28-08-2020 11:18 | Bölmə: Slayd
Türkiyəni yeni müharibəyə sövq edirlər

Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizindən başlayaraq Egey dənizinə qədər uzanan böhran Yunanıstanın “bütün dənizlərdə” məhəlli suların 6 mildən 12 dəniz milinə qaldırılacağı mesajı yeni böhrana səbəb olub.

Reyting.az
xatırladır ki, Türkiyə Böyük Millət Məclisinin 1995-ci ildə verdiyi qərarla belə bir həmlə müharibə səbəbi (“Casus bəlli”) kimi qəbul olunur.

Yunanıstan uzun illərdir ki, Egey dənizində məhəlli sularını 12 milə çıxarmaq istəyir. Ancaq Yunanıstanın bu addımı atmamasında Türkiyə parlamentinin 1995-ci ildə qəbul etdiyi “Casus bəlli” adlı qərarın da əhəmiyyətli rolu olub.

Əslində indiyə qədər Yunanıstan fərqli dövrlərdə buna bənzər açıqlamalar verib. Türkiyə isə belə bir qərarın müharibəyə səbəb olacağını açıqlamaqla yunanların dəniz işğalının qarşısını kəsib.

Türkiyənin ilk belə açıqlaması 1976-cı ildə Süleyman Dəmrəlin başçılıq etdiyi “Millətçi Cəbhə” hökuməti dövründə olub. Məhz bu hökumət Yunanıstanın ərazi sularını 6 mildən artıq genişləndirməsini müharibəyə səbəb kimi qəbul edəcəyini bildirib.

Türkiyəni yeni müharibəyə sövq edirlər

1995-ci ildə Yunanıstan parlamenti Dəniz Hüququ Razılaşmasını təsdiq edərək yunan hökumətinə uyğun bir vaxtda Egeydəki məhəlli sularını genişləndirmək üçün qərar vermək səlahiyyətlərini tanıyıb. Bundan dərhal sonra Türkiyə məsələyə sərt reaksiya verib və parlament xüsusi qərar qəbul edib. Həmin qərara görə, Yunanıstan Egeydə təkbaşına öz sularını 6 mildən çox genişləndirməsi haqda qərar verərsə, Türkiyə həyatı maraqlarını mühafizə və müdafiə etmək üçün hökumətə hərbi tədbirlər də daxil olmaqla hər cür addım atmaq səlahiyyəti verib. Bununla da faktiki türk parlamenti Yunanıstanın öz sularını 6 mildən çox genişləndirməyə başlamasının müharibəyə səbəb hesab edilməsini rəsmən ortaya qoyub.

Beləcə, Egeydə məhəlli suları mübahisəsi baxımından 10 illərdir ki, iki ölkə arasında sabitliyi saxlayan faktor Dəmirəl hökuməti tərəfindən 1976-cı ildə ortaya qoyulan və 1995-ci ildə parlament tərəfindən qəbul olunan sənəddir.

Qeyd edək ki, Yunanıstan parlamenti bir neçə gün əvvəl İtalya ilə İon dənizi ətrafında milli iqtisadi bölgə anlaşmasını imzalayıb, ardınca Misirlə Şərqi Aralıq dənizi ilə bağlı anoloji saziş bağlayıb.

Yunanıstanın Egey dənizində ərazi sularını 12 dəniz milinə qaldırması faktiki olaraq dənizin 40 faizini təşkil edən yunan məhəlli sularının 70 faiz təşkil etməsinə səbəb olacaq. Bu zaman açıq dəniz sahəsi yüzdə 50-dən 20-yə düşmüş olacaq. Üstəlik, belə bölgüdə Türkiyəyə Egey dənizinin 10 faizi belə qalmayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər