Rasim Musabəyov: “Hər şeyi “Beşinci kolon”a bağlamaq doğru deyil”
Tarix: 28-08-2020 16:38 | Bölmə: Slayd
Rasim Musabəyov: “Hər şeyi “Beşinci kolon”a bağlamaq doğru deyil”

“Mən, “Beşinci kolon” söhbətinə ehtiyatla yanaşıram. Bizdə nə baş verirsə, dərhal “Beşinci kolon” yada düşür. Əgər biz bunu qəbul etsək, bu o deməkdir ki, “Beşinci kolon” son 25 ildə Azərbaycanın idarə olunmasında mühüm rol oynayıb. Bunu qəbul etməyə hazırsınızmı? Mən hazır deyiləm. Kimsə, kiməsə belə deyə bilər. Cənab Prezident heç vaxt bu barədə danışmayıb. Onda bunu təkrar etməyə nə ehtiyac var?”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov ölkə daxilində Rusiyanın “Beşinci kolon”unun aktivləşməsi haqda deyilənləri şərh edərkən bildirib.

Musabəyov diqqətə çatdırıb ki, kimlərinsə hərəkətini “Beşinci kolon”a bağlamağa ehtiyac yoxdur: “Hər şeyi “Beşinci kolon”a bağlamaq doğru deyil. Həm də, bir var, belə fikirləri müxalifətdə olan insanlara deyəsən, bir də var, 25 ildir Azərbaycanın idarəçiliyində olana. Bunlar fərqli məsələlərdir”.

Musabəyov qeyd edib ki, Azərbaycanda islahatlar aparılır, hakimiyyətin idarə olunmasında müəyyən dəyişikliklər baş verir: “Bundan kimlərsə narazı qalır. Bu narazılıq özünü hansısa formada büruzə verdiyi halda, ona qiymət də verilir.

Əgər kimlərinsə ağlı işləsə, düşünəcək ki, dövlətlə dövlətçilik etmək olmaz. Konkret irad üçün əsas var idisə, çıxıb demək lazımdır ki, səhv etmişəm. Bununla da məsələni bitirmək olardı. Ancaq belə etməyəndə məsələ şişir və fəsadları olur”.




Bölməyə aid digər xəbərlər