Əli Həsənov həbs olunacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Tarix: 01-09-2020 11:11 | Bölmə: Slayd
Əli Həsənov həbs olunacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib

KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda məlumat yayılıb.

İddia olunur ki, Ə. Həsənovun Türkiyədə olduğu xəstəxana ilə əlaqə saxlanılıb və onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib. Ə.Həsənova deyilib ki, yaxın müddətdə geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb: "Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir".

Prezident Administrasiyasının hazırda Türkiyədə müalicə olunan keçmiş şöbə müdiri Əli Həsənov da təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilməsi haqda yayılan məlumatlara münasibət bildirib.

Ə.Həsənov yayılan məlumatlara və Baş Prokurorluğun Mətbuat Xidmətinin açıqlamasına cavab olaraq deyib ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi onunla maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqında yayılan məlumatların heç bir əsası yoxdur: “Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacağam”.

Reyting.az




Bölməyə aid digər xəbərlər