İyul məhbusları və Tofiq Yaqublu ilə bağlı prezidentə müraciət edilib
Tarix: 04-09-2020 14:50 | Bölmə: Slayd
İyul məhbusları və Tofiq Yaqublu ilə bağlı prezidentə müraciət edilib

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı iyul mütinqi zamanı həbs olunmuş şəxslərin və Tofiq Yaqublunun azadlığa buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib.

Bu barədə Reyting.az-a QAT-ın mətbuat xidmətindən məlumat verilib.

Akif Nağı cəbhənin Tovuz rayonu istiqamətindəki son döyüşlər zamanı Azərbaycan Ordusuna dəstək üçün keçirilən yürüşdə həbs olunan şəxslərin və 4 il 3 ay müddətinə həbs cəzası almış Tofiq Yaqublunun əfv olunmasını xahiş edir:

İyul məhbusları və Tofiq Yaqublu ilə bağlı prezidentə müraciət edilib

“Biz bu insanların təqsirsiz olduqlarını iddia etmirik. Lakin Azərbaycan işğalçı Ermənistanla müharibə ərəfəsindədir. Dövlət rəhbərliyi tərəfindən atılan istənilən addım cəmiyyətin müharibəyə hazırlanması mövqeyindən dəyərləndirilməlidir. İyulun 14-15-də on minlərlə insanın küçələrə çıxaraq, Azərbaycan Ordusuna dəstək nümayiş etdirməsi böyük hadisə idi. Nümayiş iştirakçılarından kimlərinsə, hətta təxribatçı olsa da, azadlıqdan məhrum edilməsi bütövlükdə o böyük hadisəyə, millətin Dövlətə, Orduya dəstək hadisəsinə kölgə sala bilər. Bu gün də dünyada həmin aksiya diqqət mərkəzindədir, dövlət adamları, siyasilər, ekspertlər həmin hadisəni Azərbaycan xalqının Qarabağ sevgisinin nümayişi, ötən illər ermənilərin səylərinə baxmayaraq, Azərbaycan xalqının iradəsinin sındırıla bilməməsinin təzahürü, Azərbaycan xalqının Qarabağdan heç vaxt vaz keçməyəcəyinin, güzəştə getməyəcəyinin göstəricisi kimi dəyərləndirirlər. Bu cür formalaşmış ictimai rəyə zədə yetirmək düzgün olmazdı. Digər tərəfdən, Tofiq Yaqublu Azərbaycanda kifayət qədər tanınan mübariz, fədakar insandı, Qarabağ döyüşlərində fəal iştirak edib. Bəziləri kimi rahat həyat ardınca xaricə gedib, oradan hədyanlar danışmır. Ölkədə qalıb, özünün doğru bildiyi qaydada mübarizə aparır. Onun mövqeyinin də düzgün olub-olmamasını müzakirə etmək istəmirik. Amma o, cəmiyyət üçün daha faydalı ola bilər. Onun həbsdən azad olunması cəmiyyətin əhvalına müsbət təsir edə bilərdi. Xahiş edirik ki, iyul hadisələri zamanı həbs olunmuş şəxslərin barəsində aparılan istintaq işlərinin dayandırılması və Tofiq Yaqublunun əfv olunması üçün təşəbbüs edəsiniz. Azərbaycan cəmiyyətinin birliyi, Qarabağın azadlığı naminə bu addımı atacağınıza inanır və əvvəlcədən Sizə təşəkkür edirik”.




Bölməyə aid digər xəbərlər