











Tarix: 26-01-2017 11:52 | Bölmə: Slayd
Çexiyanın məşhur kurort şəhərciyi Karlovı Varıdakı daşınmaz əmlakın az qala yarısı Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsusdur.
Bu barədə "Açıq Rusiya” təşkilatının saytı yazıb.
Mənbənin verdiyi məlumata görə, Boris Nemtsovun iştirakı ilə 2014-cü ildə yaradılmış "Bələdiyyə skaneri” korrupsiya əleyhinə könüllülər layihəsi məsələ ilə bağlı öz araşdırmasını aparıb.
Layihə iştirakçıları Çexiyanın daşınmaz əmlak və ticarət reyestrinin köməyi ilə şəhərdəki bütün ünvanları analiz ediblər. Nəticədə, məlum olub ki, əmlakın təxminən 50%-i keçmiş SSRİ respublikaları olan ölkələrin – Rusiyanın, Ukraynanın, Azərbaycanın, Qazaxıstanın və Qırğızıstanın vətəndaşlarının payına düşür.
Tədqiqat zamanı bəlli olub ki, Karlovı Varıdakı elit daşınmaz əmlak sahibləri arasında Azərbaycanda tanınmış simalar da var. Belə ki, burada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, onun deputat qardaşı, Milli Məclisin üzvü Cavanşir Paşazadənin də adlarına rast gəlmək mümkündür.
Karlovı Varının mərkəzində Milli Məclisin daha bir deputatı – Adil Əliyevin də daşınmaz əmlakı mövcuddur.
Araşdırmanın müəllifləri Rusiya, Azərbaycan, Qazaxıstan və digər ölkələrin vətəndaşlarına məxsus mənzil və villaların onlarla ünvanının qeyd olunduğu interaktiv xəritə də hazırlayıblar.(Virtualaz.org)
**
Milli Məclisin deputatları - Adil Əliyev və Cavanşir Paşazadə Çexiyanın məşhur kurort şəhərciyi Karlovı Varıda daşınmaz əmlaka sahib olmaları barədə yayılan xəbərlərə münasibət bildiriblər.
Reyting.az-ın məlumatına görə, deputat A.Əliyev Publika.az-a deyib ki, sözügedən məlumatlar köhnə və yalandır:
"Bu cür xəbərlər 5-6 il öncə də yazılmışdı. Vaxtilə "Azadlıq” radiosunda bu cür xəbər yayılıb. Ancaq bu xəbərlər doğru deyil və heç kəs də buna inanmır. Bu cür xəbərlər yazanlara da demək istəyirəm ki, yalan xəbərlər yazmaq əvəzinə gedib yeni nə isə yazsınlar”.
A.Əliyev həmçinin qeyd edib ki, onun yaxınlarından kimsə bizneslə məşğuldursa, bunun ona heç bir bağlılığı olmamalıdır:
"Mənim qardaşımın istənilən yerdə mülkü ola bilər. Bunun mənə heç bir aidiyyəti yoxdur”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin deputat qardaşı Cavanşir Paşazadə də yazılan xəbərlərin yalan olduğunu söyləyib:
"Hazırda mən İranda tədbirdəyəm, ancaq yazılanların hamısı yalandır. Onlara "çox sağ ol” deyirəm ki, məni bu cür qiymətləndirirlər. Yazılan xəbərlər doğru deyil. Allah onların ağızlarından eşitsin. Vallah, nə deyim, təki Çexiyada əmlakım olsun!”.
Bölməyə aid digər xəbərlər