12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycanın maliyyə bazarındakı təhlükə artır
Tarix: 30-01-2017 14:43 | Bölmə: Slayd

Mərkəzi Bankın Azərbaycan manatının tam "üzən məzənnə"yə keçməsi ilə bağlı qərarından sonra milli valyutamız dollara nisbətdə sürətlə ucuzlaşmağa başlayıb. Bu isə öz növbəsində bütün növ əmtəə və xidmətlərin günbəgün bahalaşmasına səbəb olub.

Yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun iki gün öncə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının rəhbərlərilə vəziyyətdən çıxış üçün apardığı müzakirələr də nəticəsizdir.

Mətbuatın yazdığına görə, görüşdə bəzi məsələlər müzakirə edilib, eyni zamanda, E.Rüstəmov bank rəhbərlərinə bir sıra göstərişlər verilib. Amma Mərkəzi Bank rəhbərinin irəli sürdüyü təkliflərin banklar tərəfindən nəzərə alınacağı inandırıcı deyil. Çünki hazırda bankların da vəziyyəti ağırdır. Bu səbəbdən də onların yumşaq mövqe tutma ehtimalı azdır.

Ekspertlər isə manatın stabil saxlanılmasını, dollar bazarındakı sabitliyin təmin olunmasını inandırıcı saymırlar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Elman Rüstəmovla bank rəhbərlərinin görüşü barədə verdiyi açıqlamada bildirib ki, son vaxtlar milli valyutanın "üzən məzənnə" siyasətinə tam keçilməsi üçün işlər aparılır və bankların vəziyyəti araşdırılır.

V.Əhmədov bildirib ki, bu cür görüşlər Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən də keçirilir: "Hər iki qurum iqtisadi vəziyyəti stabilləşdirmək istəyir. Çünki bank sistemində, manat-dollar münasibətlərində problemlər qalmaqdadır".

Bank sektorundakı məlumatlı şəxsin verdiyi məlumata görə isə, E.Rüstəmov manatın məzənnəsinin sabit saxlanılmasının mümkün olmadığından ciddi narahat olduğu üçün həm hakimiyyətin yuxarı dairələri, həm də bank rəhbərlərini məlumatlandıraraq məsuliyyəti bölüşməyə çalışır.

Məlumatda bildirilir ki, manatın dollar qarşısında kəskin dəyər itirməsi qarşıdakı dövrlərdə daha açıq müstəviyə keçəcək. Bunu anlayan E.Rüstəmov önləyici addımlar ataraq, "qurbanlıq” olmamaq üçün real vəziyyəti yuxarılara anlatmağa çalışır.

Qeyd edilir ki, E.Rüstəmova tövsiyyə olunub ki, cəmiyyətdə ajiotajın yaranmaması üçün prosesi mümkün qədər ağrısız həyata keçirsin. Bu səbəbdən də manatın məzənnəsinin kəskin qalxmayacağı ilə bağlı vədlər verməkdə davam edir.

İqtisadçı ekspert Azər Mehdiyev isə Reyting.az-a deyib ki, manatın sürətlə dəyərdən düşmə prosesi davam edəcək və qısa müddətdə 1 dollar 2 manat ola bilər:

"Baş verən proseslər göstərir ki, Mərkəzi Bank ən azı 1 dolları 2 manat səviyyəsinə çatdırdıqdan sonra bir müddət manatın sabitləşməsinə nail olacaq. Görünür, hədəf kimi 1 dollar 2 manat götürülüb. İndiki halda manatın sabitləşməsi Azərbaycan hakimiyyəti üçün çox önəmlidir".

A.Mehdiyev qeyd edib ki, hələlik Azərbaycan manatı tam "üzən məzənnə"yə keçidə hazır deyil:

"Mövcud iqtisadi durum bunu təmin etmək iqtidarında deyil. Mərkəzi Bank hələlik bu siyasəti yürütməklə 1 dollar 2 manat olduqdan sonra sabitliyi təmin etməyə çalışacaq. Amma ilin axırına kimi bu sabitliyi saxlaya biləcəkləri inandırıcı deyil".

A.Mehdiyev onu da nəzərə çatdırıb ki, manatın qeyri-sabitliyi iqtisadiyyat üçün çox ciddi problem yaradır. Onun sözlərinə görə, iqtisadiyyatın sabitliyi məhz, milli valyutanın sabitliyinin təmin olunmasıdır: "Milli valyutanın sabitliyi üçün real əsaslar olmalıdır. Ancaq Mərkəzi Bank əvvəlki illərdə olduğu kimi, ehtiyatlara malik deyil ki, müdaxilə edə bilsin. Ölkəyə valyuta gətirən ixrac məhsulları azdır. Hər halda Mərkəzi Bank manatın sabit saxlanılması üçün müəyyən addımlar atmalıdır ki, ölkənin investisiya mühitində rahatlıq yaransın. Əks təqdirdə vəziyyət daha da kritikləşə bilər".

İqtisadçı Teyyub Əliyev isə Reyting.az-a bildirib ki, milli valyutamızın "üzən məzənnə"yə keçməsi ilə bağlı Mərkəzi Bankın qərarı həddindən artıq gecikib. Onun sözlərinə görə, bu qərarı ən azı 2008-ci ildə dünyanı bürüyən maliyyə böhranı zamanı qəbul etmək və buna uyğun olaraq milli iqtisadiyyatımızın prioritet inkişaf istiqamətlərini müəyyənləşdirib reallaşdırmaq lazım idi:

"Düzdür, uzun illərdir ki, prioritet inkişaf istiqaməti kimi qeyri-neft sektorunun inkişafı elan edilmişdi. Ancaq bu zaman yol, körpü, mənzil və s. kimi mənfəət gətirməyən sahələrin inkişafına əsas diqqət yetirilirdi. Emal sənayesinin ərzaq, qida, tütün, geyim, əczaçılıq, maşın və avadalıq məhsulların istehsalı sahələrinin, eləcə də toxuculuq, metallurgiya, kimya sənayesi sahələrinin və s. inkişafı bir növ diqqətdən kənarda qaldı və nəticədə ölkəmiz idxaldan asılı vəziyyət düşdü. Manatın dəyərdən düşməsinin əsas səbəbi xam neftin qiymətinin aşağı düşməsi ilə bağlıdırsa, əmtəə və xidmətlərin qiymətinin yüksəlməsi yuxarıda qeyd etdiyim sahələrin inkişaf etməməsi və milli iqtisadiyyatın bütün sahələrini, eləcə də, idxalı bürüyən və azalmaq bilməyən inhisarçılıqla birbaşa əlaqədardır".

Ekspert bildirib ki, milli valyutamızın dəyərdən düşməsinin və qiymət artımının nə vaxta qədər davam edəcəyi hökumətin iqtisadi islahatlarla bağlı fəaliyyətinin çevikliyindən asılı olacaq. "Hər halda 2017-ci ilin ağır olacağını, manatın dəyədən düşməsinin, qiymətlərin yüksəlməsinin davam edəcəyini proqnozlaşdırmaq olar. Çevik, real iqtisadi islahatların həyata keçirilməsi 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərində manatın məzənnəsinin sabitləşdirilməsinə, iqtisadi artıma, əhalinin rifah halının yaxşılaşmasına gətirib çıxara bilər",- deyə T.Əliyev fikrini yekunlaşdırıb.

 





Bölməyə aid digər xəbərlər