22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
"Torpaqlarımız işğaldan azad ediləcək" - Prezidentin köməkçisindən yeni mesajlar
Tarix: 02-10-2020 15:10 | Bölmə: Slayd
"Torpaqlarımız işğaldan azad ediləcək" - Prezidentin köməkçisindən yeni mesajlar

“Bu, Vətən müharibəsidir”.

Reyting.az
xəbər verir ki, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O deyib ki, Azərbaycan xalqı dəstək verən dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq: “Azərbaycan dövlətinin işi haqq işidir. Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün fəaliyyət göstərir. İşğala son qoyulduqdan sonra regionun inkişafı üçün münbit zəmin yaranacaq”.

Prezidentin köməkçisinin sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri çətin iqlim və istehkam şəraitində düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirir

H. Hacıyev deyib ki, 30 il ərzində işğal olunmuş ərazilərdə dərin istehkam sistemləri qurub: “Bəzi yerlərdə bu istehkamların uzunluğu 8-10 metrə çatır. Relyef şəraiti də ağırdır, bildiyiniz kimi həmin yerlər, əsasən dağlıq ərazilərdir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri addım-addım irəliləyir. Əsgərlərimiz düşmənin atəş nöqtələrini susdura-susdura, bəzən də atəş altında irəli gedir. Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemləri sıradan çıxarılır. Hazırda Murovda qar var, qış şəraitidir. O çətin iqlim şəraitində, 3300-3500 metr yüksəklikdə əsgərlərimiz torpaqlarımız uğrunda rəşadətlə döyüşür, torpaqlarımızı azad edir. Biz onlarla fəxr edirik. Biz əsgər və zabitlərimizlə qürur duyuruq”.

H. Hacıyev deyib ki, torpaqlarımız işğaldan azad ediləcək: “Erməni xalqı özünün qurban olduğunu başa düşərək, Ermənistandakı kriminal rejimdən qurtulmalıdır. "Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana mülki şəxslərə və obyektlərə hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək".

Onun sözlərinə görə, Ermənistan qoşunların təmas xəttində itkilərini gizlətmək üçün fotoşop və digər vasitələrlə saxta məlumatlar hazırlayır və yayır: "Bizim mülki insanlarla işimiz yoxdur. Ermənistan məqsədyönlü şəkildə mülki insanları hədəfə çevirməyə çalışır. Azərbaycanın erməni xalqı ilə işi yoxdur". 

H. Hacıyev deyib ki, son günlər xarici ölkələrdə, xüsusən Yunanıstanda olan erməni əslli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək döyüşəcəyi barədə məlumatlar daxil olur: “Biz həmin dövlətləri Azərbaycana qarşı bu cür təxribatlardan çəkinməyə çağırırıq. Həmin ölkələrin vətəndaşları hərbi əməliyyatlarda çıxış etdiyi halda legitim hərbi hədəflərə çevrilirlər. Həmin dövlətləri vətəndaşlarının bu təxribatlarda iştirakının qarşısını almaq üçün tədbirlər görməyə çağırırıq. Xaricdə yaşayan ermənilərin kiberhücumları var, milyonlarla kiberhücumlar həyata keçirilir”.

Prezidentin köməkçisi onu da bildirib ki, Ermənistan xarici jurnalistləri müxtəlif adlarla dəvət edərək Dağlıq Qarabağa aparır, onları hədəfə çevirməyə çalışır.

O, işğal altında olan Azərbaycan ərazilərinə səfər edən xarici jurnalistlərə yenidən çağırış edib: “Bir daha xarici jurnalistləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırırıq. Azərbaycanın razılığı olmadan həmin ərazilərə səfər etmək qeyri-qanuni sayılır. Həmin ərazilər işğal olduğu üçün Azərbaycan həmin ərazilərdəki jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyil. Bu məsuliyyət Ermənistanın və oyuncaq rejimin üzərinə düşür. Həmin jurnalistlər məqsədli şəkildə atəş nöqtələrinin yaxınlığına gətirilir”.




Bölməyə aid digər xəbərlər