22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Zərdüşt Əlizadə: “Paşinyan böyük məğlubiyyəti “Qarabağ klanı”nın üzərinə atacaq”
Tarix: 08-10-2020 16:38 | Bölmə: Slayd
Zərdüşt Əlizadə: “Paşinyan böyük məğlubiyyəti “Qarabağ klanı”nın üzərinə atacaq”

“Nikol Paşinyan hakimiyyətə gələndə “Qarabağ klan”ı ona qarşı dururdu. Sarukiyan, Sarkisyan, Köçəryan və digərləri. Amma onların erməni cəmiyyətində beş qəpiklik hörməti qalmayıb. Ona görə də, indi Serj Sarkisyan və ya Robert Köçəryanın onu devirmək imkanı yoxdur”.

Bu fikirləri politoloq Zərdüşt Əlizadə Reyting.az-ın “Azərbaycanın apardığı anti-terror əməliyyatlarının Yerevanda siyasi böhrana səbəb olub-olmayacağı haqqında” suala cavabında deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, Nikol Paşinyan yuxarıda adları çəkilən əleyhdarlarına Dağlıq Qarabağa gəlmək imkanı yaratmaqla onlara qarşı müəyyən siyasi gedişlər edib: “Paşinyan imkan yaratdı ki, əleyhdarları müharibə günlərində Dağlıq Qarabağa getsinlər. Hətta barəsində cinayət işi olan general Xaçaturov da Qarabağa gəldi. Onlar hərbi paltarda Xankəndində şəkil çəkdirdilər. Böyük ehtimalla Paşinyan da buna gülürdü. Düşünürdü ki, məndə olan bu qədər dövlət resursları ilə Azərbaycan Ordusuna bir şey edə bilmirəmsə, sizdə resurs olmayandan və ruslar arxamızdan çəkiləndən sonra nə edəcəksiniz? Uzağı özünüzü biabır edir və gələcək məğlubiyyətin şərikinə çevrilirsiniz.

Çox güman, Paşinyan deyir ki, əgər mən həmin şəxsləri Dağlıq Qarabağa buraxmasaydım camaat düşünərdi ki, Paşinyan Serji və Roberti ora buraxsaydı, Azərbaycan Ordusuna qarşı müqavimət təşkil edə bilərdilər. Amma əksinə, Nikol ağıllı şəkildə dedi ki, gedin, vətəni müdafiə etmək lazımdır. Bunlar da gəlib gördülər ki, vəziyyət ağırdır, bu həna o hənadan deyil. Suları süzülə-süzülə İrəvana qayıdıb Rusiyanın səfiri ilə görüşdülər”.

Z. Əlizadənin fikrincə, hələlik Nikol Paşinyanı devirəcək qüvvə yoxdur: “Ola bilsin, ordu onu devirə bilərdi. Çünki 1994-cü ildən sonra erməni ordusu cəmiyyətdə müqəddəs və ali sülh rolunu oynayırdı. Bir şey olanda hamı üzünü orduya çevirirdi. Amma Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ordu generallarının kimliyini xalqa göstərdi. Hamı gördü ki, generallar oğrudur, bir süd, digəri konserva “əkişdirir”. Yəni Nikol Paşinyan Qarabağ müharibəsinin “erməni qəhrəmanları”nın iç üzünü cəmiyyətə göstərə bildi. İndi Ermənistanda elə bir qüvvə qalmayıb ki, Paşinyanı devirəsin.

“Çiçəklənən Ermənistan” Partiyasının lideri Sarukiyan həbsdədir, dünən Apellyasiya Məhkəməsi onun həbs müddətini uzadıb. Bundan sonra hansı siyasi qüvvə Paşinyanı devirəcək? Ola bilsin, belə qüvvə tapılsın. Bəlkə Rusiya kəşfiyyatının yatmış şəbəkəsi var və onlar qalxa bilər. Bütün hallarda bu, mitinq vasitəsilə alınmayacaq. Çünki geniş xalq kütləsi hələlik Paşinyanın nəsə edə biləcəyinə inanır”.

Z. Əlizadə qeyd edib ki, əgər bu müharibədə erməni tərəfi məğlub olsa, azı yeddi rayon Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilsə, Qarabağdakı ermənilər qaçıb Ermənistana sığınandan sonra Paşinyan xalqına nələrsə deyə biləcək: “Deyəcək, biz ona görə məğlub olduq ki, günahkarlar, satqınlar, xainlər var. Bu, rüşvətə və korrupsiyaya bulaşan “Qarabağ klanı”dır. Yəni deyəcək ki, bu nəticəni onlar yaradıb. Daha sonra elan edəcək ki, Rusiya erməni xalqının arxasında durmadı. Ənənəvi düşmən də Türkiyə və Azərbaycandır, onlar birləşdi və s. Xalq da deyəcək ki, bəli, doğru deyir. Sonra düşünəcəklər ki, bu dəfə qismət, taleh, şans bizdən güclü çıxdı, nəticədə Qarabağı itirdik. Gəlin gedək Qərbə doğru”.

Z. Əlizadə deyib ki, münaqişə biz düşündüyümüz kimi bitsə, təzyiqlərə dözə bilsək, ordumuz hücumunu davam etdirsə və Qarabağı ala bilsək, bundan iki il sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri təbii hala düşəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər