22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Rasim Musabəyov: “Azərbaycanın tələbi 3-5 rayonla bağlı deyil”
Tarix: 13-10-2020 13:16 | Bölmə: Slayd
Rasim Musabəyov: “Azərbaycanın tələbi 3-5 rayonla bağlı deyil”

“Moskvada əldə edilən humanitar atəşkəs müsbət hadisədir. Əslində döyüş gedən yerdə hər iki tərəfdən fasiləyə ehtiyac yaranır. Amma bu fasiləni erməni tərəfi yenidən pozur. Gəncəni, Mingəçeviri və digər yaşayış məntəqələrini raket atəşinə tutur. Onlar çalışırdılar ki, fasilədən istifadə edərək əks-hücuma başlasınlar. Qarabağa əlavə güc, silah-sursat gətirsinlər. Azərbaycan onlara belə bir imkanı verməsə də, onlar qısa zamandan sonra bütün cəbhə boyu döyüşü bərpa ediblər”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin humanitar atəşkəs əldə etməsindən sonra cəbhədə yaranan vəziyyəti şərh edərkən deyib.

Politoloqun fikrincə, əslində proseslərdən xəbəri olan insanlar şübhə etmirdilər ki, Moskva razılaşmasından sonra proseslərin davam etməsi qaçılmazdır: “Kimlərsə elan olunan atəşkəsə görə, məyusluq hissi keçirdi. Amma bununla bizim bütün əməliyyatımızın boşa çıxmasını düşünməyə əsas yox idi. Azərbaycan Prezidenti açıq bəyan edib ki, erməni qoşunları Azərbaycan torpağını tərk etməlidir. Prezidenti bütövlükdə cəmiyyətimiz müdafiə edir. Türkiyə də bunu istəyir, üstəlik, beynəlxalq hüquq da bizim tərəfimizdədir”.

Ermənistan Xarici işlər naziri Mnataskanyanın dünən Moskvada Rusiya Xarici işlər naziri Lavrov, bu gün isə həmsədrlərlə görüşünü şərh edən deputat hesab edir ki, bu təmaslardan heç nə çıxmayacaq: “Həmsədrlər kimdir? Bunlar geri çəkilmələrinə həmsədrlərin iştirakı ilə don geyindirmək istəyirlər. Və ya Moskvanın köməyi ilə geri çəkilmələrini başqa cür təqdim etmək niyyətindədirlərsə, buyursunlar. Azərbaycan gedib kiməsə yalvarır? Yox. Bu o deməkdir ki, indi çətin durumda olan erməni tərəfidir. Öz iddialarından əl çəkmək istəyirlərsə, buyursunlar. Ancaq biz heç kəsin çağırışı ilə torpaqlarımızı ermənilərə vermək niyyətində deyilik”.

R. Musabəyov əlavə edib ki, əslində Azərbaycanın tələbi 3-5 rayonla bağlı deyil:

“Azərbaycanın tələbi işğaldakı bütün ərazilərdəki erməni qoşunlarının tam çıxarılması ilə bağlıdır. Təkcə ətraf rayonlardan deyil, Dağlıq Qarabağın özündən də işğalçı ordunun çıxarılması tələbi var. Bizə Ermənistandakı hakimiyyətin aqibəti də maraqlı deyil. Lap sabah Paşinyanı silsinlər. Bundan bizə nə? Ola bilsin ki, sabah orada qarma-qarışıqlıq olacaq. Amma bu, bizə maraqlı deyil. İşğalçı ordunu ərazilərimizdən çıxarsınlar”.




Bölməyə aid digər xəbərlər