07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Putinin bəyanatları ikili xarakter daşıyır - Politoloq
Tarix: 18-12-2020 16:12 | Bölmə: Slayd
Putinin bəyanatları ikili xarakter daşıyır

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin son bəyanatı ikili xarakter daşıyır. O, həm də bəyanatın birinci və dördüncü maddəsinə istədiyi kimi izah verir”.

Bu fikirləri Reyting.az-a sabiq deputat, politoloq Cümşüd Nuriyev Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı açıqlamalarını şərh edərkən deyib.

C. Nuriyev bildirib ki, bəli, sözügedən maddədə tərəflərin olduğu yerdə dayanması yazılır. Amma orada qeyd olunmur ki, əks tərəfdə erməni silahlıları dayanır: “Əgər Rusiya sülhməramlıları gəlirsə, deməli, əks tərəfdə də onlar dayanmalıdır. Görünən budur ki, indi söz oyunundan istifadə etmək istəyirlər. Sanki ermənilərə mesaj verilir ki, sənədin birinci maddəsindən istifadə edə bilərsiniz”.

Politoloqun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistanın məlum üçtərəfli bəyanatında göstərilir ki, Ermənistan silahlı qüvvələri işğal edilən Azərbaycan ərazilərindən çıxır. Amma buna bilə-bilə başqa formada izah vermək anlaşılmazlıq yaradır.


C. Nuriyev

Xatırladaq ki, Rusiya lideri Dağqlı Qarabağın statusu məsələsinə toxunaraq bunun gələcəkdə həll edilməli olduğuna işarə edib.

C. Nuriyev qeyd edib ki, Putin son bəyanatında Türkiyə lideri Ərdoğan haqqında yüksək fikirlər işlədib: “Amma bu ona əsas vermir ki, biz, Putinin mətbuat konfransında söylədiyi fikirləri müsbət qiymətləndirək. Orada sülhməramlılarla yanaşı Fövqəladə Hallar Nazirliyinin məsələsini də gündəmə gətirdi. Üçtərəfli bəyanatda belə məqam da yoxdur. Üstəlik, Putinə ATƏT-in adından danışmaq səlahiyyəti verilməyib. Digər tərəfdən, Azərbaycan birmənalı şəkildə Minsk qrupunu rədd edib.

Necə yəni Dağlıq Qarabağın statusu gələcəyə saxlanılıb? Nə Dağlıq Qarabağ, nə də status yoxdur! Söhbət onun inzibati ərazi vahidi baxımından statusundan gedirsə, bu, mümkünsüzdür. Hətta mədəni muxtariyyət də mümkün deyil. Azərbaycan o vaxt bu məsələni gündəmə gətirə bilər ki, Ermənistan ərazisində yaşamış azərbaycanlılar da geri qayıtsın və bundan sonra soydaşlarımıza hansı status verilərsə, biz də ermənilərə həmin statusu verərik”.

Politoloq hesab edir ki, Putinin son bəyanatı nə sülhməramlı, nə də dostcasına olan yanaşmadır: “Bu, uzağagedən siyasətdir. Məlum olur ki, Azərbaycanda “Beşinci kolon”un nümayəndələri buna görə fəallaşıblar. Çox güman ki, tapşırıq alıblar.

Əvvəlcədən bilirdik ki, Lavrov və Mişustin erməni kökənli olduqlarından belə məsələləri onlar qaldırır. Bu, haradasa anlaşılan idi. Lakin Putin mətbuat konfransında Dağlıq Qarabağın statusunu gündəmə gətirməklə imperiya ambissiyalarını gündəmə gətirmiş oldu. Amma bu, Azərbaycanın qəbul edəcəyi məsələ deyil. Belə davam etsələr Qafqazı itirəcəklər. Azərbaycan bu meydanda tək deyil, onun yanında qardaş Türkiyə var”.

C. Nuriyev əlavə edib ki, Rusiya Krımı mənimsəyib, Donetski və Luqanski götürüb, Dnestryanı bölgəni əldə edib, Gürcüstan ərazisini parçalayaraq Abxaziya və Osetiyanı nəzarət altında saxlayır. Amma Azərbaycanla bağlı eyni fikirə düşmək qəbul ediləsi deyil. “Danışıqlarda, imzalanma mərasimində bir söz demək, sonra fərqli fikirlər səsləndirmək olmaz. Azərbaycan prezidentinin ortada mövqeyi, siyasi iradəsi var. Xalq da prezidentin yanındadır. Bizə nə kiminsə himayəsi, nə də “böyük qardaşlığı” lazımdır. Səbrli olmalı, amma Rusiyaya da sözümüzü deməliyik. Azərbaycanlı məcburi köçkünlər öz evlərinə qayıdana qədər belə hallar olacaq. Rus sülhməramlıları Hadrut ərazisinə də gəlmişdi. Amma Azərbaycan və Türkiyə ortaya mövqe qoyandan sonra məsələ həll edildi. Azərbaycan prezidenti ortaya ciddi siyasi iradə qoyduqdan sonra Qarabağ ərazisində nə Ermənistan bayrağı var, nə də qondarma rejimin bayrağı. Cır-cındırın hamısı yığışdırılıb. Azəraycan onsuz da lazım olan addımları atacaq. Biz dövlətimizin və prezidentimizin yanında olmalıyıq”, - C. Nuriyev əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər