07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Baydenin komandası Rusiyaya sərt sanksiyalar tətbiq etmək istəyir
Tarix: 21-12-2020 00:56 | Bölmə: Slayd
Baydenin komandası Rusiyaya sərt sanksiyalar tətbiq etmək istəyir

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin komandası vəzifəsinin icrasına başladıqdan sonra Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirəcək. Reyting.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilir ki, yeni məhdudiyyətlərin səbəbi Amerika hökumət departamentlərinə haker hücumları ilə bağlı olacaq.

Cinayətkarlara böyük iqtisadi, maliyyə və texnoloji itkilər yaratmaq üçün cavabın kifayət qədər sərt olacağı qeyd edilir.

Əsas hədəf təsirli çəkindirmə yaratmaq və gələcəkdə kiber casusluq ehtimalını azaltmaqdır.

Müzakirələr hələlik nəzəri xarakter daşıyır. Çünki Baydenin komandası növbəti addımları və planları aydınlaşdırmaq üçün işə başlamalı və bütün məlumatları dəqiqləşdirməlidir.

Onu da qeyd edək ki, bundan əvvəl bir qrup haker ABŞ-ın bir sıra dövlət qurumlarına giriş əldə etməyi bacarıb. Hücuma məruz qalanlar sırasında müdafiə, maliyyə, daxili təhlükəsizlik, ticarət nazirlikləri və Dövlət Departamenti də var. Bundan əlavə, ABŞ-ın Enerji Nazirliyinə və Milli Nüvə Təhlükəsizliyi İdarəsinə də təhlükə yaranıb.

Bir sıra Amerika KİV-ləri və Dövlət katibi hücumlara görə Rusiyanı ittiham etsə də, ortaya tutarlı dəlil qoyulmayıb. ABŞ-ın hazırkı prezidenti Donald Tramp isə bu hücumların arxasında Çinin dayandığını iddia edir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin bu hücumlarla heç bir əlaqəsinin olmadığını bildirib.




Bölməyə aid digər xəbərlər