07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Ermənilər Qarabağda gələcək terrorun əsasını qoyur
Tarix: 28-12-2020 14:41 | Bölmə: Slayd
Ermənilər Qarabağda gələcək terrorun əsasını qoyur

“Qarabağda anti-terror əməliyyatları sona qədər aparılmalı idi. Rusiya sülhməramlılarının regiona gəlişi Ermənistan silahlı qüvvələrinin bölgədən tam çıxarılmasının qarşısını aldı. Bu səbəbdəndir ki, ötən gün ermənilər Xocavənd rayonunda növbəti dəfə hərbi cinayət törətdilər”.

Bunu Reyting.az-a açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev ötən gün Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində erməni diversiya qruplarının törətdiyi terror hadisəsindən danışarkən deyib.


B. Quliyev

Partiya sədri əlavə edib ki, Moskvada ehtimal olunan Əliyev-Putin-Paşinyan görüşü zamanı Dağlıq Qarabağdakı erməni silahlı dəstələrinin tərkisilah məsələsi qoyulmalıdır: “Nə qədər ki, orada Azərbaycan Ordusu anti-terror əməliyyatı aparmayıb, belə təxribatlar baş verəcək, atəşkəs razılaşması pozulacaq. Faktiki olaraq biz, erməni təxribatları ilə üz-üzə qalacağıq. Necəki Türkiyə daima PKK terroru ilə üzləşir. PKK xarici ölkələr tərəfindən necə dəstəklənirdisə, eyni formada bölgədə marağı olan dövlətlər Dağlıq Qarabağdakı ermənilərə stavka edərək vəziyyəti gərginləşdirməyə çalışacaqlar. Xüsusilə, agentura şəbəkəsi pul müqabilində belə addımları gücləndirəcək. Odur ki, Azərbaycan tərəfi bu məsələlərin üzərinə getməlidir. Cəmiyyət, dövlət olaraq bu proseslərdə anti-terror əməliyyatının aparılmasını əsas hədəf kimi göstərmək lazımdır”.

B. Quliyev qeyd edib ki, sülhməramlıların bölgədə yerləşməsi və atəşkəsə cavabdeh olmasına baxmayaraq bir növ silahlı ermənilərin tərəfdarı kimi ortaya çıxır: “Gah statusdan, gah bölgənin gələcək taleyindən bəhs edirlər. Buradakı sülhməramlıların əsas işi yerli xalqların birgəyaşayışını təmin etmək və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılmasına köməklik göstərməkdir. Təəssüf ki, sülhməramlılar üzərinə düşən işi həyata keçirmir. Yenidən sülhməramlıların statusu və davranışı ilə bağlı məqama diqqət yetirilməlidir. Onlar, faktiki olaraq heç bir beynəlxalq hüquqa sığmayan işlə məşğuldurlar və Rusiya Silahlı Qüvvələrinin qanunvericiliyinə uyğun hərəkət edirlər. Onlarla bağlı ortada qanun yoxdur. Yəni sülhməramlı missiyanın hansı işləri görməsi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Təəssüf ki, sülhməramlılar bağlanan sazişdən və real boşluqlardan istifadə edir. Ermənilər və bəzi maraqlı qüvvələr də bu boşluqlardan yararlanırlar. Dolayısı ilə bu proses sülhməramlı qüvvələrin həm beynəlxalq imicinə zərbə vuracaq, həm də Azərbaycanda nüfuzdan düşəcəklər. Üstəlik, müttəfiq olaraq qeyri-səmimi təsir bağışlayan tərəf kimi ortaya çıxacaqlar. Belə fəaliyyət gələcək üçün bölgədə terrorun əsasını qoyur. Yəni Türkiyə PKK terroru ilə üzləşdiyi kimi, Azərbaycan da gələcəkdə erməni terroru ilə üzləşə bilər. Odur ki, bu problemin indidən həlli üçün ciddi iş aparmalıyıq. Əks halda növbəti təxribatlar baş verəcək. Hesab edirəm ki, Azərbaycan bu kimi hallarda qəti addımlar atmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər